Qanunvericilik › Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri

Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.0. Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

4.0.1. gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;

4.0.2. hüquqi və fiziki şəxslərin gənclərlə iş sahəsində fəaliyyətlərinin əlaqələndirilməsi;

4.0.3. gənclərin təhsili, tərbiyəsi, fiziki, əqli və mənəvi inkişafı, sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi;

4.0.4 gənclərin peşə hazırlığı, məşğulluğunun təmin olunması, sahibkarlıq təşəbbüslərinin (“start-up”) dəstəklənməsi, dövlətin gənclər siyasətində və dövlət proqramlarında nəzərdə tutulmuş əsas istiqamətlərə dair biliklərə yiyələnməsi sahəsində tədbirlərin həyata keçirilməsi;

4.0.5. gənclər siyasəti sahəsində informasiya təminatının və maarifləndirmənin həyata keçirilməsi;

4.0.6. gənclərin hərbi xidmətə hazırlanması;

4.0.7. gənclər siyasəti sahəsində tədbirlərin maliyyələşdirilməsi;

4.0.8. gənclərin vəziyyətinin təhlili və problemlərinin həlli ilə əlaqədar elmi araşdırmaların aparılmasının təşkili;

4.0.9. Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirakına, dünya gəncləri ilə, o cümlədən xarici ölkələrdə yaşayan gənc həmvətənlərlə qarşılıqlı əlaqələrinin inkişafına imkan və şəraitin yaradılması.

4.0.10. dünya gəncləri arasında sülhün, qarşılıqlı anlaşmanın və əməkdaşlığın gücləndirilməsi, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial və humanitar sahələrə yönəldilmiş fəaliyyətin stimullaşdırılması məqsədi ilə Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi;

4.0.11. gənclər siyasəti sahəsində kadrların hazırlanmasının, o cümlədən gənclərlə işin təhlili, planlaşdırılması, təşkili və qiymətləndirilməsi üzrə mütəxəssislərin hazırlanmasının və əlavə təhsilinin təmin olunması, bu məqsədlə mütəmadi təlimlərin təşkili;

4.0.12. istedadlı və yaradıcı gənclərin aşkar edilməsi və onların qabiliyyətlərinin inkişafına, yüksək nailiyyətlər əldə etmiş gənclərin təbliğinə yönəlmiş tədbirlərin həyata keçirilməsi;

4.0.13. gənclərə ailə planlaşdırılması və reproduktiv sağlamlıq sahəsində biliklərin verilməsi, bu sahədə xidmət göstərən müəssisələrin işinin təkmilləşdirilməsi.

4.0.14. aztəminatlı gənc ailələrin sosial müdafiəsi;

4.0.15. gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi;

4.0.16. gənclərin sosial-iqtisadi və mədəni inkişafı üçün tədbirlərin həyata keçirilməsi;

4.0.17. sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərin sosial, mənzil, təhsil problemlərinin həlli və asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi;

4.0.18. gənclər arasında könüllülük fəaliyyətinin təşviqi;

4.0.19. gənclər arasında hər növ ekstremizmin və radikalizmin qarşısının alınması;

4.0.20. gənclərin fərdi inkişafı üçün qeyri-formal və informal təhsilalma imkanlarının yaradılması;

4.0.21. gənclərin inkişafı, yeni biliklərə yiyələnməsi məqsədi ilə informasiya texnologiyaları, sosial şəbəkə və multimedia vasitələrindən istifadə sahəsində imkanların artırılması, bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinə, insanların şərəf və ləyaqətlərinin və şəxsi həyatın toxunulmazlığı hüququnun qorunmasına nəzarətin təmin edilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver