Geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının dövlət kadastrı Azərbaycan Respublikası ərazisinin, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin təbii relyefi üzərində mövcud olan yerüstü, yeraltı, suüstü və sualtı obyektlərin yerləşməsini, həndəsi ölçülərini və səciyyəvi xüsusiyyətlərini əks etdirən məlumatlar toplusu olub vahid geoinformasiya sistemini təşkil edir.
Geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının dövlət kadastrı sahələrarası əhəmiyyət kəsb edən müxtəlif təyinatlı kadastrların (torpaq, su, meşə, inzibati-ərazi, informasiya, demoqrafiya və s.) məlumatlarının əsasını təşkil edərək, onları əlaqələndirmək və xalq təsərrüfatını, elm, təhsil və tədris müəssisələrini aerokosmik, topoqrafik, elektron, ekoloji, digər geodezi məlumatlar, xəritələr və coğrafi informasiya sistemləri ilə təmin etmək məqsədilə aparılır.
Xalq təsərrüfatının sahələrarası kadastrlarını aparan orqanlar tərəfindən geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının dövlət kadastrına daxil edilməli məlumatların dövlət geodeziya və kartoqrafiya xidmətinə təqdim edilməsi məcburidir.
Geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının dövlət kadastrının məlumatları dövlət orqanlarının və bələdiyyələrin qərar qəbul etməsi üçün əsasdır.
Geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının dövlət kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq aparılır.