1.1. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:
1.1.1. adi işləmə formaları – malların qorunması, qablaşdırılması, markalanması, habelə xarici görünüşünün və keyfiyyətinin yaxşılaşdırılması, satış və daşınma üçün hazırlanması məqsədilə onların yenidən qablaşdırılması, qablaşdırma yerlərinin qruplaşdırılması və çeşidlənməsi;
1.1.2. bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatların gömrük orqanına şifahi və ya yazılı, o cümlədən elektron formada bəyan edilməsi;
1.1.3. bəyannaməçi – gömrük bəyannaməsini, müvəqqəti saxlanc və ya qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş, əlavə, dövri və ya natamam bəyannamələri, yaxud təkrar ixrac bildirişini təqdim edən və ya adından həmin gömrük sənədləri təqdim edilən şəxs;
1.1.4. daşıyıcı – malları gömrük sərhədindən faktiki keçirən və (və ya) malları gömrük nəzarəti altında daşıyan, yaxud nəqliyyat vasitələrindən istifadəyə görə məsul olan şəxs;
1.1.5. daxili mallar – Azərbaycan Respublikasında tamamilə istehsal olunmuş, yaxud emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal edilmiş və ya sərbəst dövriyyə üçün buraxılmış mallar;
1.1.6. emal əməliyyatları – malların emalı, təkrar emalı, təmiri, quraşdırılması, yığılması, başqa mallara uyğunlaşdırılması, hazırlanması, bərpa olunması, qaydaya salınması da daxil olmaqla emal prosesinə xidmət edən və ya bunu asanlaşdıran bəzi mallardan tamamilə və ya qismən istifadə edilməsi;
1.1.7. emal məhsulları – emal xüsusi gömrük prosedurları altında yerləşdirilərək emal əməliyyatlarından keçmiş mallar;
1.1.8. fors-major hallar – baş verməsi əvvəlcədən ehtimal edilməyən və müvafiq şəraitdə qarşısının alınmasının mümkün olmaması nəticəsində şəxslərin öz öhdəliklərini yerinə yetirməsinə maneçilik törədən, ləngidən fövqəladə hallar, təbii fəlakətlər, yaxud ictimai-siyasi hadisələr;
1.1.9. göndərən gömrük orqanı – tranzit xüsusi gömrük prosedurunun başlandığı gömrük orqanı;
1.1.10. gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün bəyannaməçilər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan gömrük sənədi;
1.1.11. gömrük əməliyyatları – malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına təqdim olunması, bəyan edilməsi, malların boşaldılması, yüklənməsi, çeşidlənməsi, sayılması, çəkilməsi, ölçülməsi, eyniləşdirilməsi, adi işləmə formalarına məruz qalması, gömrük ekspertizasının aparılması, gömrük ödənişlərinin hesablanması və ödənilməsi, malların buraxılışının həyata keçirilməsi, gömrük müşayiəti, habelə gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanları və şəxslər tərəfindən həyata keçirilən gömrük qanunvericiliyi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə (bundan sonra – beynəlxalq müqavilə) nəzərdə tutulmuş digər hərəkətlər;
1.1.12. gömrük müşayiəti – gömrük orqanları tərəfindən gömrük nəzarəti altında olan malların gömrük ərazisində daşınmasının təmin olunması ilə əlaqədar həyata keçirilən gömrük əməliyyatı;
1.1.13. gömrük nəzarəti – gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər;
1.1.14. gömrük nəzarəti altında olan mallar – bu Məcəllənin 83-cü maddəsinin tələblərinə uyğun olaraq üzərində gömrük nəzarəti başa çatmamış mallar;
1.1.15. gömrük nəzarəti zonası – bu Məcəllənin 93.1-ci maddəsində nəzərdə tutulmuş yerlərdə yaradılan gömrük ərazisinin gömrük orqanları tərəfindən xüsusi ayrılmış və nişanlanmış hissəsi;
1.1.16. gömrük orqanı – gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsini tam və ya qismən həyata keçirmək səlahiyyəti verilmiş və gömrük xidmətinin vahid sisteminə daxil olan struktur bölməsi;
1.1.17. gömrük proseduru – malların və nəqliyyat vasitələrinin bu Məcəllənin müddəalarına uyğun olaraq gömrük ərazisində və ya gömrük ərazisindən kənarda istifadəsinin qayda və şərtlərini müəyyən edən normaların məcmusu;
1.1.18. gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə şəxslər və gömrük orqanları tərəfindən həyata keçirilən gömrük əməliyyatları;
1.1.19. gömrük sahəsi – gömrük nəzarəti və (və ya) gömrük rəsmiləşdirilməsi həyata keçirilən, bu Məcəllə ilə və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ərazi və obyektlər;
1.1.20. gömrük sənədləri – gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, o cümlədən gömrük əməliyyatları zamanı istifadə olunan gömrük bəyannaməsi, müvəqqəti saxlanc və qısa idxal (ixrac) bəyannaməsi, sadələşdirilmiş, əlavə, dövri və natamam bəyannamələr, təkrar ixrac bildirişi, həmçinin gömrük qanunvericiliyinə uyğun olaraq gömrük orqanlarına təqdim olunması nəzərdə tutulan nəqliyyat və kommersiya sənədləri;
1.1.21. gömrük sərhədindən keçirmə – malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə, malların sürətli (ekspres) daşınması yolu ilə gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması və ya tranziti üzrə hərəkətlər;
1.1.22. gömrük təminatı – gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin nəticələrini əks etdirmək üçün gömrük sərhədindən keçirilən mallara və nəqliyyat vasitələrinə gömrük orqanları tərəfindən vurulan plomblar, möhürlər və digər eyniləşdirmə vasitələri;
1.1.23. gömrük xidməti – gömrük qanunvericiliyinin tətbiqi, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, habelə gömrük ödənişlərinin hesablanması və tutulmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı;
1.1.24. gömrük ödənişləri – bu Məcəllənin 224.1-ci maddəsində nəzərdə tutulan və gömrük orqanları tərəfindən alınan ödənişlər;
1.1.25. hasilat norması – emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların emalı nəticəsində alınan məhsulların müəyyən miqdarı və ya faizi;
1.1.26. xarici mallar – bu Məcəllənin 1.1.5-ci maddəsində göstərilənlərdən başqa digər mallar, həmçinin daxili mal statusunu itirmiş mallar;
1.1.27. xüsusi gömrük proseduru – malların və nəqliyyat vasitələrinin bu Məcəllənin müddəalarına uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tam, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması və ya tranzitini nəzərdə tutan normaların məcmusu;
1.1.28. idxalatçı – malları idxal edən şəxs;
1.1.29. ixracatçı – malları ixrac edən şəxs;
1.1.30. kommersiya sənədləri – xarici ticarət fəaliyyəti və malların gömrük sərhədindən keçirilməsi ilə əlaqədar gömrük əməliyyatlarının aparılması zamanı istifadə olunan sənədlər (hesab-faktura (invoys), spesifikasiya (malların xüsusiyyətlərinə dair cədvəl), yükləmə-boşaltma sənədləri və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər);
1.1.31. qeyri-rezidentlər – bu Məcəllənin 1.1.47-ci maddəsinin şamil edilmədiyi şəxslər;
1.1.32. qısa idxal bəyannaməsi – mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl bəyannaməçilər tərəfindən gömrük orqanına təqdim edilən gömrük ərazisinə gətirilməsi nəzərdə tutulan mallar və nəqliyyat vasitələri barədə gömrük məqsədləri üçün tələb olunan məlumatların əks olunduğu gömrük sənədi;
1.1.33. qısa ixrac bəyannaməsi – malların və nəqliyyat vasitələrinin gömrük ərazisindən aparılmasından (göndərilməsindən) əvvəl bəyannaməçilər tərəfindən gömrük orqanına təqdim edilən, gömrük ərazisindən aparılması (göndərilməsi) nəzərdə tutulan mallar və nəqliyyat vasitələri barədə gömrük məqsədləri üçün tələb olunan məlumatların əks olunduğu gömrük sənədi;
1.1.34. mal partiyası – bir nəqliyyat sənədi üzrə bir və ya bir neçə nəqliyyat vasitəsində eyni vaxtda bir idxalatçının (ixracatçının) ünvanına daşınan mallar;
1.1.35. mal sahibi – mallar barəsində öz adından sərəncam vermək səlahiyyəti olan şəxs;
1.1.36. malın mənşə ölkəsi – gömrük tarifinin, miqdar məhdudiyyətlərinin, yaxud ticarətə aid başqa tədbirlərin tətbiqi üçün nəzərdə tutulmuş, habelə malın tamamilə istehsal və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq kifayət qədər emal edildiyi ölkə;
1.1.37. mallar – gömrük sərhədindən keçirilən istənilən daşınar əmlak, o cümlədən milli valyuta, milli valyutada qiymətli kağızlar və valyuta sərvətləri, təbii qaz, neft, elektrik enerjisi, bu Məcəllənin 1.1.45-ci maddəsində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələri;
1.1.38. malların buraxılışı – malların yerləşdirildiyi gömrük proseduru nəzərə alınmaqla, onların gömrük orqanları tərəfindən şəxsin istifadəsinə və ya sərəncamına verilməsi;
1.1.39. malların gömrük statusu – malların daxili, yaxud xarici mallara aid edilməsi;
1.1.40. malların sürətli (ekspres) daşınması – beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar istisna olmaqla, daşınması və alıcıya çatdırılması satıcı və alıcı tərəfindən elektron formada izlənilən malların müvafiq qaimə əsasında istənilən nəqliyyat vasitəsilə sürətli (ekspres) daşınaraq ən qısa və ya əvvəlcədən müəyyən edilmiş müddətdə alıcıya çatdırılması;
1.1.41. müşayiət olunan baqaj – gömrük sərhədindən sərnişinlərin özləri tərəfindən keçirilən mallar;
1.1.42. müşayiət olunmayan baqaj – şəxslərə məxsus olan, beynəlxalq daşıma müqavilələrinə uyğun olaraq müvafiq qaimə əsasında daşıyıcılar tərəfindən, yaxud beynəlxalq poçt göndərişləri vasitəsilə gömrük sərhədindən keçirilən mallar;
1.1.43. müvəqqəti saxlanc bəyannaməsi – malların müvəqqəti saxlancda yerləşdirilməsi üçün bəyannaməçilər tərəfindən gömrük orqanına təqdim olunan gömrük sənədi;
1.1.44. nəqliyyat sənədləri – malların və nəqliyyat vasitələrinin daşınması zamanı normativ hüquqi aktlarda və beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş beynəlxalq avtomobil qaiməsi, dəmiryol qaiməsi, baqaj cədvəli, baqaj qəbzi, hava nəqliyyatında yük qaiməsi, konosament, habelə malların nəqlində istifadə olunan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər müşayiət sənədləri;
1.1.45. nəqliyyat vasitələri – beynəlxalq sərnişin və yük daşıması üçün istifadə olunan hava, dəmiryol, dəniz, daxili su, avtomobil nəqliyyatı vasitələri, o cümlədən konteynerlər və Azərbaycan Respublikasının ərazisində yerləşən magistral boru kəmərləri;
1.1.46. prosedur sahibi – bəyannaməçi, yaxud onun gömrük prosedurları ilə bağlı hüquq və öhdəliklərinin ötürüldüyü şəxs;
1.1.47. rezidentlər – qanunvericiliyə uyğun olaraq yaradılmış və Azərbaycan Respublikasında yerləşən hüquqi şəxslər, digər idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikasının vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
1.1.48. risk – gömrük qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi ehtimalı;
1.1.49. səlahiyyətli iqtisadi operator – Ümumdünya Gömrük Təşkilatının normaları və standartlarına uyğun olaraq gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından istifadə edilməsinə bu Məcəlləyə əsasən səlahiyyət verilmiş hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs;
1.1.50. səlahiyyətli mal alan – malların təyinat gömrük orqanına təqdim edilmədən, birbaşa öz ünvanında qəbul edilməsinə gömrük orqanları tərəfindən səlahiyyət verilmiş şəxs;
1.1.51. səlahiyyətli mal göndərən – göndərən gömrük orqanına təqdim edilmədən, malların birbaşa öz ünvanından yola salınmasına gömrük orqanları tərəfindən səlahiyyət verilmiş şəxs;
1.1.52. sərbəst zona – gömrük ərazisinin gətirilən mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsi;
1.1.53. sərnişinlər – nəqliyyat vasitələrinin heyəti istisna olmaqla, gömrük sərhədindən keçən fiziki şəxslər;
1.1.54. şəxsi əşyalar – fiziki şəxsin şəxsi istifadəsi üçün zəruri olan əşyalar;
1.1.55. şərti buraxılış – mallardan və nəqliyyat vasitələrindən istifadəyə və onlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət edəcəyi haqqında şəxsin öhdəlikləri ilə müşayiət olunan sərbəst dövriyyəyə buraxılış;
1.1.56. Ticarətin Asanlaşdırılması Mərkəzi – asanlaşdırılmış gömrük rəsmiləşdirilməsi, logistika və digər dövlət xidmətlərinin vahid məkanda əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün müəyyən olunmuş gömrük nəzarəti zonası;
1.1.57. təkrar ixrac bildirişi – xarici mallar sərbəst zonadan və ya müvəqqəti saxlanc yerlərindən birbaşa təkrar ixrac olunarkən bəyannaməçilər tərəfindən gömrük orqanlarına təqdim olunan gömrük sənədi;
1.1.58. ticarət siyasəti tədbirləri – Azərbaycan Respublikasında iqtisadi maraqların müdafiəsi məqsədilə tətbiq olunan antidempinq, kompensasiya və mühafizə tədbirləri;
1.1.59. təyinat gömrük orqanı – tranzit xüsusi gömrük prosedurunun başa çatdığı gömrük orqanı.
1.2. Bu Məcəllədə istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktlarında müəyyən olunmuş mənaları ifadə edir.