Qanunvericilik › Azərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 194

Maddə 194. Müvəqqəti idxal zamanı gömrük rüsumlarından və vergilərdən azadetmə

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

194.1. Gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə hər təqvim ayı üçün ödənişlərin məbləği, onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir və aylar üzrə ödənilir. Natamam ay üzrə ödənişlər tam aylıq ödənişlərin məbləği miqdarında hesablanır.

194.2. Gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və vergilərin ümumi məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin məbləğindən artıq olmamalıdır.

194.3. Müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

194.4. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilən mallar gömrük nəzarətinə təqdim edilə bilmədikdə, həmin mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməli və bu Məcəllənin 242.3-cü maddəsində nəzərdə tutulmuş qaydada gömrük rüsumları və vergilər tam ödənilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver