Qanunvericilik › Azərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 195

Maddə 195. Son istifadə xüsusi gömrük proseduru

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıya əsasən son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar bu prosedurun məqsədinə uyğun olaraq gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılır. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə gömrük orqanları tərəfindən icazə verilir və qeyd olunan mallar gömrük nəzarəti altında qalır.

195.2. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində gömrük nəzarəti aşağıdakı hallarda başa çatır:

195.2.1. mallar gömrük rüsumlarından və vergilərdən azad edilmənin tətbiqi üçün qanunvericiliklə müəyyən edilmiş məqsədlərə istifadə olunduqda;

195.2.2. mallar ixrac və ya məhv edildikdə, yaxud onlardan dövlətin xeyrinə imtina olunduqda;

195.2.3. mallardan gömrük rüsumlarından və vergilərdən azad olunmanın məqsədləri üçün istifadə edilmədiyi aşkar olunduqda, yaxud gömrük nəzarətinə təqdim edilə bilmədikdə və bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsumları və vergilər tam ödənildikdə;

195.2.4. son istifadə xüsusi gömrük proseduru üçün müəyyən edilən müddət başa çatdıqda.

195.3. Malların son istifadə xüsusi gömrük proseduru altında qalma müddəti 24 (iyirmi dörd) ay təşkil edir. Göstərilən müddət ərzində son istifadə xüsusi gömrük prosedurunun məqsədinə nail olunmadıqda, gömrük orqanları şəxsin əsaslandırılmış müraciəti üzrə həmin müddəti 12 (on iki) aya qədər uzadır. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

195.4. Bu Məcəllənin 195.3-cü maddəsində müəyyən edilən müddət başa çatanadək mallar gömrük ərazisindən aparılmalı və ya digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir.

195.5. Son istifadə xüsusi gömrük proseduru zamanı hasilat norması bu Məcəllənin 196-cı maddəsinə uyğun olaraq müəyyən edilir.

195.6. Son istifadə xüsusi gömrük proseduru üçün müəyyən edilmiş məqsədlərə uyğun olaraq malların istifadəsi və ya emalı nəticəsində yaranan tullantılar, qalıqlar və təbii itkilər son istifadə üçün nəzərdə tutulmuş mallar kimi nəzərə alınır.

195.7. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların məhv edilməsi nəticəsində yaranan tullantılar və qalıqlar gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver