22.1. Malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar dolayı gömrük təmsilçiliyi hüquqi şəxslər tərəfindən həyata keçirilir.
22.2. Dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxslə təmsil etdiyi şəxs arasında münasibətlər Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq tərəflər arasında bağlanılmış müqavilə ilə tənzimlənir.
22.3. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, dolayı gömrük təmsilçisi malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır.
22.4. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı gömrük bəyannaməsi və digər gömrük sənədləri bəyannaməçi qismində dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxs tərəfindən gömrük orqanına elektron formada təqdim olunur.
22.5. Müvafiq icra hakimiyyəti orqanı dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxslərin reyestrini aparır, onların siyahısını nəşr edir, rəsmi internet informasiya ehtiyatında yerləşdirir və məlumatların daimi yenilənməsini təmin edir. Reyestrin aparılması üçün dolayı gömrük təmsilçisi tərəfindən hər hansı məlumatların təqdim edilməsi tələb olunmur.
22.6. Şəxs dolayı gömrük təmsilçisinin xidmətlərindən imtina edə bilər. Bu halda gömrük orqanının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin bu Məcəllənin 151-ci maddəsinə uyğun olaraq tərtib edilməsində, ona müvafiq düzəlişlər edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində xidmət göstərməlidirlər.