31.1. Səlahiyyətli iqtisadi operator statusu malların təyinat yerinə təhlükəsiz qaydada çatdırılması və xarici ticarətin asanlaşdırılması məqsədilə gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından istifadə edilməsi üçün verilir.
31.2. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi haqqında qərarın qəbul edilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğv edilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
31.3. Müvafiq icra hakimiyyəti orqanı səlahiyyətli iqtisadi operatorların reyestrini aparır, onların siyahısını nəşr edir, rəsmi internet informasiya ehtiyatında yerləşdirir və məlumatların daimi yenilənməsini təmin edir.
31.4. Digər ölkələrin gömrük orqanları tərəfindən verilmiş səlahiyyətli iqtisadi operator statusu gömrük nəzarətinə xələl gətirməmək şərtilə beynəlxalq müqavilə əsasında tanınır.
31.5. Səlahiyyətli iqtisadi operator statusu almış şəxs fəaliyyəti dövründə bununla bağlı müəyyən edilmiş şərtlərə əməl olunmasına mane olan və fəaliyyətinə mənfi təsir göstərən amillər barədə gömrük orqanlarına məlumat verməlidir.
31.6. Səlahiyyətli iqtisadi operator statusunun verilməsinə dair şərtləri, onun fəaliyyətinin yoxlanılması və qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.