9.0. Bu Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək üçün gömrük orqanları aşağıdakı hüquqlara malikdirlər:
9.0.1. gömrük qanunvericiliyinə riayət olunması məqsədi ilə müvafiq tədbirlər həyata keçirmək;
9.0.2. bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına əsasən gömrük orqanlarına təqdim olunması nəzərdə tutulan sənəd və məlumatları şəxslərdən tələb etmək;
9.0.3. gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq;
9.0.4. şəxslərin xarici ticarət əməliyyatlarının gömrük auditini aparmaq;
9.0.5. dövlət sərhədindən buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin sənədlərini, o cümlədən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarını (şəhadətnamələrini), “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildirişi, Qida Təhlükəsizliyi Reyestrindən çıxarışı, sağlamlıq sertifikatını, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədləri, barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş idxal olunan mallara dair “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən uyğunluq sertifikatını, uyğunluq bəyannaməsini və tanınmış xarici mənşəli uyğunluq sənədlərini, “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən emal edilməmiş almazlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini və “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışı qanunvericiliyə uyğun olaraq yoxlamaq;
* (9.0.5-ci maddəyə Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulduğu gündən qüvvəyə minir.)
9.0.6. gömrük prosedurlarına nəzarəti həyata keçirmək, malların və nəqliyyat vasitələrinin buraxılışından sonra şəxslərin onlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsini yoxlamaq, gömrük ərazisində yerləşən iki gömrük orqanı arasında daşınan malların və nəqliyyat vasitələrinin müəyyən olunmuş marşrut və müddətlərdə gömrük müşayiəti altında təyinatı üzrə çatdırılmasını təmin etmək, hüquqpozmaların operativ surətdə qarşısını almaq, bu Məcəllənin 19.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək və digər məqsədlər üçün gömrük orqanlarında mobil gömrük bölmələri təşkil etmək;
9.0.7. təhqiqatı və istintaqı gömrük orqanlarının səlahiyyətinə aid edilmiş cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, onları hazırlayan, törədən və ya törətmiş şəxsləri müəyyənləşdirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək;
9.0.8. cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təhqiqat və ibtidai istintaq aparmaq;
9.0.9. müvafiq qanunvericiliyə uyğun olaraq inzibati xətalarla bağlı işlər üzrə icraatı aparmaq, bu işlərə baxmaq və inzibati xətalar törətmiş şəxsləri məsuliyyətə cəlb etmək;
9.0.10. gömrük işi sahəsində cinayətlərin qarşısını almaq, belə cinayətləri törətmiş, habelə onların törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması və ya təqib edilməsi məqsədi ilə idarə, müəssisə və təşkilatlara (xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinə və konsulluqlarına, həmçinin beynəlxalq təşkilatlara və onların nümayəndəliklərinə məxsus olan və xüsusi təyinatlı nəqliyyat, rabitə vasitələri istisna edilməklə) məxsus olan rabitə və nəqliyyat vasitələrindən son zərurət vəziyyətində istifadə etmək;
9.0.11. müstəqil surətdə, yaxud digər hüquq mühafizə orqanları cəlb edilməklə, gömrük nəzarəti zonasında rejim qaydalarına riayət olunmasına nəzarət etmək, gömrük xidmətinin infrastruktur obyektlərinin mühafizə sistemini təşkil etmək, gömrük sərhədinin qorunması məqsədi ilə başqa tədbirləri həyata keçirmək;
9.0.12. malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi, həmçinin gömrük nəzarəti altında yerləşdirilən malların daşınması, saxlanılması, onlar üzərində yük əməliyyatlarının aparılması ilə bağlı faktları və hadisələri sənədləşdirmək, audio yazılarını, video və foto çəkilişlərini aparmaq;
9.0.13. bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvədən, xüsusi vasitələrdən (o cümlədən texniki vasitələrdən) və odlu silahdan istifadə etmək;
9.0.14. öz funksiyalarını yerinə yetirmək məqsədi ilə şəxslərə gömrük qanunvericiliyinin pozulmasının aradan qaldırılması üçün yazılı formada xəbərdarlıqlar göndərmək və tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
9.0.15. digər ölkələrin gömrük orqanları ilə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək;
9.0.15-1. xarici ticarət iştirakçısı gömrük borcunu ödəmək öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə gömrük borcunun ödənilməsinin təmin edilməsi məqsədilə xarici ticarət iştirakçısının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;
9.0.16. gömrük rəsmiləşdirilməsinin və nəzarətinin müasir metodlarının və vasitələrinin tətbiqi məsələləri üzrə xarici ticarət iştirakçıları ilə əməkdaşlıq etmək məqsədi ilə onlarla rəsmi münasibətlər yaratmaq, məsləhətləşmələr aparmaq;
9.0.16-1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri və müşahidəçiləri müstəqillik və maraqların toqquşmasının qarşısının alınması tələbləri gözlənilməklə öz fəaliyyətinə cəlb etmək;
9.0.17. bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş başqa hüquqlardan istifadə etmək.