Qanunvericilik › Azərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 91

Maddə 91. Bəyannaməçinin, mal sahibinin, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin malların və nəqliyyat vasitələrinin yoxlanılmasında iştirakı

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

91.1. Bəyannaməçi, mal sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük orqanlarının vəzifəli şəxslərinin tələbi ilə malların və nəqliyyat vasitələrinin yoxlanılmasında iştirak etməli və onlara zəruri yardım göstərməlidirlər.

91.2. Bəyannaməçi, mal sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük yoxlamasının keçirilməsində öz təşəbbüsləri ilə də iştirak etmək hüququna malikdirlər.

91.3. Gömrük orqanlarının malları və nəqliyyat vasitələrini bəyannaməçinin, mal sahibinin, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin iştirakı olmadan aşağıdakı hallarda yoxlamaq hüququ vardır:

91.3.1. mallar və nəqliyyat vasitələri gömrük orqanına təqdim edildiyi gündən 10 (on) gün keçdikdən sonra həmin şəxslər gəlmədikdə;

91.3.2. milli, o cümlədən iqtisadi təhlükəsizlik, ictimai asayiş, insanların həyat və sağlamlığı, heyvanlar və bitkilər aləmi, ətraf mühit, xalqların mədəni, tarixi və arxeoloji sərvətləri üçün təhlükə mövcud olduqda;

91.3.3. mallar beynəlxalq poçt göndərişləri vasitəsilə göndərildikdə;

91.3.4. mallar və nəqliyyat vasitələri gömrük ərazisində müvafiq gömrük proseduru pozulmaqla saxlanıldıqda;

91.3.5. mallar sürətli (ekspres) daşınma yolu ilə gömrük sərhədindən keçirildikdə.

91.4. Bu Məcəllənin 91.3-cü maddəsində göstərilən hallarda mallar və nəqliyyat vasitələri yoxlamanın nəticələrində marağı olmayan şəxslərin iştirakı ilə yoxlanılır. Yoxlamanın nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada 2 (iki) nüsxədə akt tərtib olunur və aktın 1 (bir) nüsxəsi 2 (iki) iş günü ərzində bəyannaməçiyə, mal sahibinə, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslərə və ya onların nümayəndələrinə yazılı, o cümlədən elektron qaydada göndərilir (təqdim edilir).

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver