92.1. Malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması, bu ərazidən çıxması, tranziti, daşınması, emalı, saxlanılması və son istifadəsi zamanı gömrük orqanları müasir texnologiya və avadanlıqdan istifadə etməklə gömrük nəzarətini həyata keçirirlər.
92.2. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətini aşağıdakı formalarda həyata keçirirlər:
92.2.1. gömrük yoxlaması;
92.2.2. şəxsi yoxlama;
92.2.3. gömrük məqsədləri üçün lazım olan məlumatların, elektron və ya kağız üzərində yazılı formalarda sənədlərin, o cümlədən dövlət sərhədindən buraxılış məntəqələrindən keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarla (şəhadətnamələrlə), “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildiriş, Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, sağlamlıq sertifikatı, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlərlə, barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş mallara dair “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri ilə, “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən emal edilməmiş almazlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə və “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışla müşayiət olunmasının yoxlanılması;
* (92.2.3-cü maddəyə Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulduğu gündən qüvvəyə minir.)
92.2.4. gömrük auditi;
92.2.5. şəxslərin sorğu-sual edilməsi;
92.2.6. gömrük nəzarətindən keçməli olan mallara və nəqliyyat vasitələrinə, onların yerləşdiyi ərazilərə və binalara, müvəqqəti saxlanc və gömrük anbarlarında, sərbəst zonalarda yerləşən ərazilərə və binalara, həmçinin icrasına nəzarət gömrük orqanına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi digər yerlərə gömrük baxışının keçirilməsi;
92.2.7. keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin aparılması.
92.3. Beynəlxalq müqavilələrdə nəzərdə tutulduqda, gömrük nəzarəti gömrük ərazisindən kənar ərazidə də həyata keçirilə bilər.
92.4. Gömrük nəzarətinin formaları milli və beynəlxalq səviyyədə işlənib hazırlanmış meyarlar əsasında risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və qarşısının alınması üzrə zəruri tədbirlərin həyata keçirilməsi məqsədi ilə risklərin idarə olunması təcrübəsinə əsaslanmalıdır.
92.5. Gömrük nəzarəti formaları seçilərkən bu Məcəllənin 100.2-ci maddəsində müəyyən edilmiş qaydada yaradılan riskin idarə edilməsi sistemindən istifadə olunur.
92.6. Müvafiq icra hakimiyyəti orqanı gömrük nəzarətinin təşkili məqsədi ilə bu Məcəlləyə uyğun olaraq aşağıdakıları müəyyən edir:
92.6.1. gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını;
92.6.2. ümumi risklərin idarə edilməsi qaydalarını;
92.6.3. ümumi meyarların və prioritet nəzarət sahələrinin müəyyən edilməsi üzrə qaydaları;
92.6.4. aidiyyəti orqanlarla birlikdə risklərə dair məlumatların və gömrük kəşfiyyatı məlumatlarının mübadiləsini tənzimləyən qaydaları.
92.7. Bu Məcəllənin 92.2-ci maddəsində nəzərdə tutulan gömrük nəzarətinin formaları Azərbaycan Respublikasının dövlət dilini bilməyən şəxslər barəsində tətbiq edildikdə gömrük orqanları həmin şəxslərin tərcüməçinin köməyindən istifadə etməsini, bu mümkün olmadıqda isə onlara ana dilində və ya bildikləri başqa dildə hüquq və vəzifələrinə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada bildirişin təqdim olunmasını təmin edirlər.
92.8. Gömrük nəzarəti formalarının həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu qayda mütənasiblik, əsaslandırma, sənədləşdirmə, videoçəkiliş və şikayət təminatlarını nəzərdə tutmalıdır.