98.1. Gömrük auditi gömrük orqanları tərəfindən malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannamələrində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədilə həyata keçirilən gömrük nəzarəti formasıdır. Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar gömrük əməliyyatlarına və beynəlxalq ticarət sövdələşmələrinə dair gömrük sənədlərini və məlumatları yoxlayırlar.
98.2. Gömrük auditi kameral və səyyar qaydada həyata keçirilir. Gömrük auditinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Səyyar gömrük auditi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra aparılır.
98.3. Gömrük və vergi orqanları əldə etdikləri məlumatları normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada mübadilə edə, müştərək formada səyyar gömrük auditi (yoxlama) apara bilərlər. Səyyar gömrük auditinin keçirilməsinə yalnız gömrük orqanlarının əsaslandırılmış rəyi əlavə olunmaqla müvafiq sorğusu əsasında vergi orqanları tərəfindən müştərək səyyar auditin (yoxlamanın) keçirilməsindən imtina edildikdə yol verilir. Vergi orqanı həmin sorğuya ən geci 15 (on beş) iş günü ərzində münasibət bildirməlidir.