98-1.1. Kameral gömrük auditi gömrük bəyannamələrində mövcud olan məlumatların xarici ticarət fəaliyyəti ilə bağlı kommersiya, maliyyə və nəqliyyat sənədləri və əldə olunmuş digər sənədlər əsasında araşdırılması və təhlili yolu ilə aparılır.
98-1.2. Kameral gömrük auditi bu barədə qərar qəbul edilmədən və barəsində kameral gömrük auditi aparılan şəxsə məxsus yerlərə getmədən malların buraxılışından sonrakı 60 (altmış) iş günündən artıq olmayan müddətdə aparılır. Eyni gömrük bəyannaməsi üzrə kameral gömrük auditi yenidən aparıla bilməz.
98-1.3. Kameral gömrük auditinin müddəti gömrük orqanı tərəfindən zəruri sənədlərin və məlumatların əldə olunması məqsədilə göndərilən beynəlxalq sorğularla bağlı 30 (otuz) iş gününədək uzadıla bilər.
98-1.4. Kameral gömrük auditi başa çatdıqdan sonra gömrük orqanı gömrük bəyannaməsində və ona əlavə edilmiş sənədlərdə təhrif olunmuş, düzgün olmayan və ya natamam məlumat aşkar etdikdə, xarici ticarət iştirakçısına əlavə məlumat, sənəd və izahat təqdim edilməsi barədə 5 (beş) iş günü müddətində bildiriş göndərir. Tələb olunan əlavə məlumat, sənəd və izahatlar 10 (on) iş günü müddətində gömrük orqanına təqdim edilməlidir.
98-1.5. Təqdim olunmuş əlavə sənəd və məlumatlara gömrük orqanı tərəfindən 10 (on) iş günü müddətində baxılır və gömrük bəyannaməsində uyğunsuzluq aşkar edildikdə 5 (beş) iş günü müddətində bu barədə xarici ticarət iştirakçısına qərar göndərilir. Tələb olunan sənəd və məlumatlar üzrlü səbəblər olmadan təqdim edilmədikdə əlaqəli məlumatlara əsasən gömrük orqanları bu Məcəllədə və gömrük işi üzrə digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada gömrük ödənişlərini hesablamaq və şəxsə bu barədə qərar göndərmək hüququna malikdir. Gömrük orqanının qərarında uyğunsuzluq barədə məlumatlar və barəsində kameral gömrük auditi aparılan şəxsin şikayət etmək hüququ göstərilməlidir.
98-1.6. Kameral gömrük auditinin nəticələrindən asılı olaraq plandankənar (növbədənkənar) səyyar gömrük auditi həyata keçirilə bilər.