98-3.1. Səyyar gömrük auditi zamanı gömrük orqanının vəzifəli şəxsləri, barəsində gömrük auditi aparılan şəxsin sərəncamında və istifadəsində olan ərazi və ya binalara (yaşayış binaları (sahələri) istisna olmaqla) gömrük orqanının səyyar gömrük auditinin keçirilməsi haqqında qərarın surətini, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı və auditi aparan vəzifəli şəxsin xidməti vəsiqəsini, bu Məcəllənin 98-2.9.2-ci maddəsində nəzərdə tutulmuş halda həmçinin məhkəmə qərarının surətini təqdim etdikdən sonra daxil ola, həmin yerlərdə şəxsin xarici ticarət fəaliyyəti ilə bağlı mövcud olan mallara və sənədlərə baxış keçirə bilərlər. Baxışın keçirilməsi barəsində 2 (iki) nüsxədə akt tərtib edilir.
98-3.2. Barəsində gömrük auditi aparılan şəxs sərəncamında və istifadəsində olan ərazi və ya binalara gömrük orqanının vəzifəli şəxslərinin daxil olmasına icazə vermədikdə 2 (iki) nüsxədə akt tərtib edilir. Həmin akt gömrük orqanının gömrük auditini aparan vəzifəli şəxsləri və barəsində gömrük auditi aparılan hüquqi şəxsin rəhbəri (onu əvəz edən şəxs) və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən imzalanır. Şəxs aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və aktın bir nüsxəsi şəxsə (onun səlahiyyətli nümayəndəsinə) təqdim edilir.
98-3.3. Səyyar gömrük auditi zamanı gömrük orqanının vəzifəli şəxslərinin, barəsində gömrük auditi aparılan şəxsin sərəncamında və istifadəsində olan ərazi və ya binalara (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olmasına icazə verilməməsi gömrük qanunvericiliyinin pozulması hesab olunur və qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.