98-4.1. Gömrük orqanının vəzifəli şəxsləri, barəsində səyyar gömrük auditi aparılan şəxsdən bildirişlə birlikdə gömrük auditi üçün zəruri olan auditin predmetinə və yoxlama dövrünə aid sənədləri (məlumatları), o cümlədən elektron sənədləri tələb edə bilərlər. Sənədlərin (məlumatların), o cümlədən elektron sənədlərin verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri 15 (on beş) iş günü ərzində gömrük orqanına təqdim etməlidir. Üzrlü səbəblər olduqda şəxsin əsaslandırılmış müraciəti ilə bu müddət 10 (on) iş gününədək uzadıla bilər.
98-4.2. Tələb olunan sənədlər (məlumatlar), o cümlədən elektron sənədlər bu Məcəllənin 98-4.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə təqdim edilmədikdə, yaxud şəxs həmin sənədlərin (məlumatların), o cümlədən elektron sənədlərin onda olmadığını bildirdikdə, gömrük orqanının gömrük auditini aparan vəzifəli şəxsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada 2 (iki) nüsxədə akt tərtib edilir və tərtib edildiyi gün bir nüsxəsi şəxsə verilir (və ya elektron qaydada göndərilir). Akt gömrük orqanının gömrük auditini aparan vəzifəli şəxsləri və barəsində gömrük auditi aparılan hüquqi şəxsin rəhbəri (onu əvəz edən şəxs) və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən imzalanır. Barəsində gömrük auditi aparılan şəxs aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeydlər aparılır. Gömrük orqanı tələb edilən sənədləri (məlumatları), o cümlədən elektron sənədləri normativ hüquqi aktlarla yol verilən mənbələrdən əldə edə bilmədikdə gömrük ödənişlərinin məbləği mötəbər və yoxlanıla bilən məlumatlara əsasən, tətbiq olunan metod və hesablamanın əsaslandırılması göstərilməklə müəyyən edilir.
98-4.3. Gömrük auditi üçün zəruri olan sənədlərin (məlumatların) və ya onların təsdiq olunmuş surətinin, o cümlədən elektron sənədlərin gömrük orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 98-4.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
98-4.4. Tələb olunan sənədlərin (məlumatların) və ya onların təsdiq olunmuş surətinin, o cümlədən elektron sənədlərin təqdim edilməsindən imtina edildikdə onların, habelə mal nümunələrinin götürülməsi yalnız bu Məcəllənin 98-5-ci maddəsində nəzərdə tutulan prosedur və təminatlar əsasında həyata keçirilə bilər.