98-6.1. Səyyar gömrük auditinin nəticələrinə dair 2 (iki) nüsxədə akt tərtib edilir. Həmin akt gömrük orqanının gömrük auditini aparan vəzifəli şəxsləri və barəsində gömrük auditi aparılan hüquqi şəxsin rəhbəri (onu əvəz edən şəxs) və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən imzalanır. Şəxs aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Aktın bir nüsxəsi tərtib edildiyi tarixdən 3 (üç) iş günü müddətində şəxsə (onun səlahiyyətli nümayəndəsinə) verilir və ya göndərilir.
98-6.2. Aktın nüsxəsinin verildiyi (göndərildiyi) vaxtdan 30 (otuz) gün müddətində şəxs aktı imzalamamasının səbəblərini gömrük orqanına izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı şəkildə bildirə bilər.
98-6.3. Bu Məcəllənin 98-6.2-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 10 (on) gündən çox olmayan müddətdə gömrük orqanı, barəsində səyyar gömrük auditi aparılan şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, həmin şəxs tərəfindən təqdim edilmiş sənədlərə və səyyar gömrük auditinin nəticələrinə dair akta, gömrük qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması məsələsinə baxır.
98-6.4. Barəsində səyyar gömrük auditi aparılan şəxs tərəfindən səyyar gömrük auditinin nəticələrinə dair akt üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə materiallara hüquqi şəxsin rəhbəri və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Gömrük orqanı səyyar gömrük auditinin nəticələrinə dair materiallara baxılmasının yeri və vaxtı barəsində əvvəlcədən məlumat verir. Şəxs ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzrlü səbəb olmadan iştirak etmədikdə, səyyar gömrük auditinin nəticələrinə dair materiallara, habelə təqdim etdiyi izahatlara, etirazlara və digər sənədlərə onun iştirakı olmadan baxılır.