Qanunvericilik › Azərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 98-5

Maddə 98-5. Səyyar gömrük auditi zamanı sənədlərin və mal nümunələrinin götürülməsi

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

98-5.1. Səyyar gömrük auditinin predmetinə aid olan və gömrük ödənişlərinin hesablanması üçün şəxs tərəfindən təqdim edilən sənədlərin və malların öyrənilməsinə əlavə vaxt tələb olunduqda, həmçinin sənədlərdə bu Məcəllənin və gömrük işi üzrə digər normativ hüquqi aktların pozulması halları müəyyən edildikdə gömrük orqanının gömrük auditini həyata keçirən vəzifəli şəxsi həmin sənədləri (onların təsdiq olunmuş surətini) və nümunə kimi malları şəxsin və ya onun nümayəndəsinin iştirakı ilə iş vaxtı ərzində və gömrük auditinin həyata keçirildiyi müddətə götürə bilər. Gömrük orqanının gömrük auditini bilavasitə həyata keçirən vəzifəli şəxsi tərəfindən sənədlərin və nümunə kimi malların götürülməsi gömrük orqanının rəhbərinin əsaslandırılmış qərarı ilə həyata keçirilir.

98-5.2. Səyyar gömrük auditi zamanı zəruri olan sənədlər və mal nümunələri gömrük orqanının əsaslandırılmış qərarı ilə bu Məcəllənin 98-2.4-cü və 98-2.9-cu maddələrində göstərilən hallar istisna olmaqla 20 (iyirmi) iş günündən artıq olmayan müddətə aşağıdakı məqsədlər üçün götürülür:

98-5.2.1. malların tərkibinin və texniki göstəricilərinin, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodunun, növünün, mənşəyinin və digər göstəricilərinin yoxlanılması;

98-5.2.2. malların alış və ya satış qiymətlərinin müəyyənləşdirilməsi;

98-5.2.3. gömrük qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə zəruri olan digər halların müəyyən edilməsi.

98-5.3. Səyyar gömrük auditi zamanı götürülən mal nümunələri xüsusiyyətlərindən asılı olaraq qablaşdırılır və gömrük auditini aparan şəxs tərəfindən həmin qablaşdırma möhürlənir. Onların saxlanılması, qorunması və tədqiq edilməsi gömrük orqanının hesabına həyata keçirilir. Malların məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müsadirə ediləcəyi, gömrük ödənişlərinin həmin mallara yönəldiləcəyi, yaxud sənədlərin və malların maddi sübut olması halları istisna olmaqla, götürülmüş sənədlər və mal nümunələri gömrük auditinin başa çatdığı gündən gec olmayaraq, istifadəyə yararlı vəziyyətdə və tam şəkildə sahibinə qaytarılır.

98-5.4. Sənədlərin və ya onların təsdiq olunmuş surətinin və mal nümunələrinin götürülməsi barədə 2 (iki) nüsxədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada akt tərtib olunur və onun 1 (bir) nüsxəsi şəxsə təqdim edilir. Həmin akt gömrük auditinin aparılmasında iştirak edən şəxslər və barəsində gömrük auditi aparılan hüquqi şəxsin rəhbəri (onu əvəz edən şəxs) və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən imzalanır. Barəsində gömrük auditi aparılan şəxs aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər aparılır.

98-5.5. Səyyar gömrük auditi zamanı şəxs sənədləri və ya onların təsdiq olunmuş surətini və mal nümunələrini verməkdən imtina etdikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada 2 (iki) nüsxədə imtina aktı tərtib olunur və onun 1 (bir) nüsxəsi şəxsə təqdim edilir. Həmin akt gömrük auditinin aparılmasında iştirak edən şəxslər və barəsində gömrük auditi aparılan hüquqi şəxsin rəhbəri (onu əvəz edən şəxs) və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən imzalanır. Barəsində gömrük auditi aparılan şəxs aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeydlər aparılır. Bu halda həmin sənədlərin və mal nümunələrinin götürülməsi gömrük orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver