Qanunvericilik › Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Tutulmuş və ya həbs edilmiş şəxslərin yazışmaları

Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Bu Qanunun 17.3-cü maddəsində nəzərdə tutulan hallardan başqa, tutulmuş və ya həbs edilmiş şəxslər məhdudiyyətsiz sayda məktub, teleqram ala və ya göndərə bilərlər. Tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən bu Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş təklif, ərizə və şikayətlərdən başqa, digər məktub və teleqramların göndərilməsi onların öz vəsaiti hesabına həyata keçirilir.

17.2. Tutulmuş və ya həbs edilmiş şəxslərin məktub və teleqramlarının poçt göndərişləri həbs yerinin müdiriyyəti vasitəsilə həyata keçirilir.

17.3. Tutulmuş və ya həbs edilmiş şəxslərin müdafiəçi və ya qanuni əsaslarla hüquqi yardım göstərən digər şəxslərlə yazışmaları istisna olmaqla, onların aldıqları və göndərdikləri digər yazışmalar hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya həbs yerində rejimi təmin etmək zərurəti yarandıqda həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə məhdudlaşdırıla və ya senzuradan keçirilə bilər. Bu maddədə nəzərdə tutulan hüququn məhdudlaşdırılmasına dair qərardan qanunla müəyyən edilmiş qaydada məhkəməyə, həbs yerinin müdiriyyətinin qərarından isə habelə yuxarı vəzifəli şəxsə şikayət edilə bilər.

17.4. Qadağan olunmuş əşyaların ötürülməsinin qarşısını almaq məqsədi ilə tutulmuş və ya həbs edilmiş şəxslərin adına gələn və onlar tərəfindən göndərilən məktublar həbs yerinin müdiriyyəti tərəfindən açıla bilər. Bu halda həmin məktubların oxunmasına yol verilmir. Tutulmuş və ya həbs edilmiş şəxslər həbs yerlərində və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərlə yalnız cinayət prosesini həyata keçirən orqanın razılığı ilə yazışa bilərlər.

17.5. Tutulmuş və ya həbs edilmiş şəxslərin adına gəlmiş məktubların verilməsi, habelə onların məktublarının ünvan sahiblərinə göndərilməsi məktubun gəldiyi, yaxud tutulmuş və ya həbs edilmiş şəxs tərəfindən verildiyi gündən ən geci 1 gün keçənədək həbs yerinin müdiriyyəti tərəfindən həyata keçirilir. Teleqramlar tutulmuş və ya həbs edilmiş şəxslərə həbs yerinin müdiriyyəti tərəfindən dərhal verilir.

17.6. Həbs yerini tərk edən tutulmuş və ya həbs edilmiş şəxslərin ünvanına daxil olan məktublar həbs yerinin müdiriyyəti tərəfindən ən geci 1 gün müddətində tutulmuş və ya həbs edilmiş şəxslərin yaşadığı yerə göndərilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver