18.1. Tutulmuş və ya həbs edilmiş şəxslərin müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, həbs yerinin fəaliyyətinə nəzarəti həyata keçirən orqanlara, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), BMT-nin insan hüquqlarının və azadlıqlarının müdafiəsi ilə məşğul olan qurumlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə və ya İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinə ünvanladıqları təkliflər, ərizələr və şikayətlər təxirə salınmadan aidiyyəti üzrə göndərilir. Bu təkliflər, ərizələr və şikayətlər, habelə onlara verilən cavablar senzuradan keçirilmir.
18.2. Müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, məhkəmə və ya həbs yerinin fəaliyyətinə nəzarəti həyata keçirən orqanlar tərəfindən təkliflərə, ərizələrə və şikayətlərə verilən cavablar tutulmuş və ya həbs edilmiş şəxslərə imza etdirməklə elan olunur. Cavabların əsli onların şəxsi işlərinə, surətləri isə cinayət işinə əlavə edilir. Tutulmuş və ya həbs edilmiş şəxslərin xahişi ilə cavabların surəti həm də onlara verilir.
18.3. Tutulmuş və ya həbs edilmiş şəxslər təklif, ərizə və ya şikayət göndərdiklərinə görə hər hansı şəkildə təqib edilə bilməzlər. Belə təqiblərə yol vermiş şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.