1. Hərbi qulluqçular sanitar-gigiyena, epidemiyaya qarşı, müalicə-profilaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, hərbi tibb müəssisələrində hər növ tibbi yardım göstərilməsi hüququna malikdirlər.
Hərbi qulluqçular məcburi qaydada ambulator və ya stasionar tibbi müayinədən, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinədən keçirilirlər.
2. Həqiqi hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların tibbi müayinədən və şəhadətləndirilmədən keçib, hərbi qulluğa yararlıq, yaxud çağırışın təxirə salınması, ondan azad olunmaq üçün tibbi göstərişlər və əks-göstərişlər haqqında tam məlumat almaq hüququ vardır.
Hərbi qulluqçuların, hərbi-həkim komissiyasının rəyi ilə razılaşmadıqda qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır.
3. Hərbi qulluqçuların xidmət yerində hərbi tibb müəssisələri olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq mülki tibb müəssisələrində hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda icbari tibbi sığorta vəsaitləri hesabına, xidmətlər zərfində nəzərdə tutulmadıqda, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına dövlət büdcəsi hesabına tibbi yardım göstərilir.
4. Hərbi qulluqçuların ailə üzvlərinin tibbi təminatı başqa vətəndaşlarla ümumi əsaslarda həyata keçirilir. Mülki tibb müəssisələrində tibbi yardım almaq mümkün olmadıqda onlar hərbi qulluqçularla yanaşı hərbi tibb müəssisələrində tibbi yardımın bütün növləri ilə təmin edilirlər.
5. Hərbi qulluqçular və onların ailə üzvləri (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi hüququna, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təmin olunmaq hüququna malikdirlər.
6. Yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlər və miçmanların, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının), vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi tibb müəssisələrində tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır.
7. Hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi qulluqçuların səhhətinə zərər dəydikdə onların Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ vardır.