1. Vətəndaşların həqiqi hərbi xidmət, bağlaşma üzrə xidmət keçdiyi dövr onların ümumi əmək stajına daxil edilir.
Hərbi qulluqçuların xüsusi şəraitdə hərbi xidmət keçdiyi dövr əmək stajına güzəştli şərtlərlə daxil edilir.
Hərbi xidmət keçdikləri dövrdə hərbi qulluqçuların hərbi xidmətdə nəzərdə tutulmayan işlərə və başqa vəzifələrin icrasına cəlb edilməsinə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada yol verilir.
2. Hərbi qulluqçuların elmi, texniki, bədii və başqa yaradıcılıq azadlığına təminat verilir, bir şərtlə ki, bu onların hərbi xidmət vəzifələrinin icrasına mane olmasın.
3. Ayrı-ayrı hallarda hərbi hissə komandiri (hərbi müəssisə və təşkilatın rəisi) hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) əvəzçilik üzrə dövlət və ictimai müəssisə, idarə və təşkilatlarda elmi, pedaqoji, ixtiraçılıq və ekspert fəaliyyəti ilə bağlı işinə fərdi qaydada icazə verə bilər.
4. Həqiqi hərbi xidmətdən buraxılarkən hərbi qulluqçuların təhsili və ixtisası nəzərə alınmaqla işə düzəlməsinə təminat verilir.
5. Buraxılmalı olan hərbi qulluqçuların xalq təsərrüfatında işləmək üçün peşə hazırlığını təmin etmək məqsədilə imkanı olan hərbi hissələrdə və müəssisələrdə və ya həmin regionun müvafiq dövlət müəssisələrində, idarələrində və təşkilatlarında belə şəxslərə hərbi xidmət vəzifələrinin icrasından asudə vaxtlarda mülki ixtisaslar öyrədilməsi təşkil edilir.
6. Həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara maddi yardım göstərilməsi və onların məişət şəraitinin təmin edilməsi üçün yerli icra hakimiyyəti başçıları müəssisələrin, idarələrin, təşkilatların könüllü surətdə ayırdıqları vəsait hesabına hərbi qulluqçuların sosial müdafiəsi fondunu yarada bilər.
7. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, şəxslərin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.