15.0. Hərbi vəziyyət rejiminin təmin olunması ilə əlaqədar hərbi idarəetmə orqanları aşağıdakı vəzifələri yerinə yetirirlər:
15.0.1. hərbi vəziyyətin tətbiq edildiyi əraziyə (ərazilərə) giriş-çıxışın xüsusi rejiminin tətbiqi və təmin edilməsi;
15.0.2. hərbi və mühüm dövlət obyektlərinin, əhalinin təhlükəsiz yaşayış şəraitini təmin edən obyektlərin, nəqliyyatın, telekommunikasiya şəbəkə, qurğu və obyektlərinin, poçt obyektlərinin, enerji təchizatı müəssisələrinin, su təchizatı və kanalizasiya sistemlərinin, su anbarlarının, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsi;
15.0.3. əhalinin təhlükəsiz yaşayış şəraitini təmin edən obyektlərin bərpası, yanğınların, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması;
15.0.4. ictimai qayda və ictimai təhlükəsizliyin qorunması;
15.0.5. zorakı hərəkətlərlə müşayiət olunan münaqişələrdə iştirak edən tərəfləri silah, hərbi və xüsusi texnika, fiziki güc və xüsusi vasitələr tətbiq etməklə münaqişədən çəkindirməsi;
15.0.6. qanunsuz silahlı birləşmələrin fəaliyyətinin, terrorçuluq, casusluq, təxribat və Azərbaycan Respublikasına qarşı yönəldilmiş digər qanunazidd fəaliyyətin qarşısının alınması;
15.0.7. hərbi vəziyyət rejiminin təmin olunması üçün bu Qanunla müəyyən edilmiş digər tədbirlərin keçirilməsi.