14.1. Hərbi idarəetmə orqanlarının hərbi qulluqçuları, habelə aidiyyəti dövlət orqanlarının əməkdaşları xidməti (qulluq) vəzifələrinin icrası zamanı hərbi vəziyyət rejiminin təmin olunması ilə əlaqədar aşağıdakı qanunazidd hərəkətlərin qarşısının alınması üçün silah, hərbi və xüsusi texnika, fiziki güc və xüsusi vasitələri tətbiq edə bilərlər:
14.1.1. dövlət və hərbi obyektlərə, fiziki və hüquqi şəxslərə edilən hücumlar;
14.1.2. hərbi qulluqçuların, aidiyyəti dövlət orqanlarının əməkdaşlarının həyat və sağlamlığı üçün təhlükə törədən əməllər və ya onlara göstərilən müqavimət;
14.1.3. mühafizə olunan obyektlərə və qoşun birləşmələrinin dislokasiya yerlərinə qanunsuz daxilolma cəhdləri;
14.1.4. kütləvi iğtişaşlar və ictimai asayişin pozulması.
14.2. Silah, hərbi və xüsusi texnika, fiziki güc və xüsusi vasitələr hərbi vəziyyət rejimi qaydalarını pozan şəxslərin tutulub saxlanılması, girovların və zəbt olunmuş obyektlərin azad edilməsi, nəqliyyat vasitəsinin dayandırılması haqqında qanuni tələbləri yerinə yetirməkdən imtina edən sürücünün saxlanılması, həyəcan siqnalının verilməsi, yaxud yardımın çağırılması məqsədi ilə də tətbiq edilə bilər.