Qanunvericilik › Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələrinə baxılması

Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

27.1. Hesablama Palatası tərəfindən aparılan kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələrinə Hesablama Palatasının kollegiyasında baxılır.

27.2. Hesablama Palatasının kollegiyasında kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticəsi üzrə auditor hesabatının təsdiq edilməsi və ya təsdiq edilməməsi barədə qərarlardan biri qəbul edilir.

27.3. Auditor hesabatının təsdiq edilməsi barədə Hesablama Palatasının kollegiya qərarında aşağıdakılar göstərilir:

27.3.1. qərarın tarixi və nömrəsi;

27.3.2. Hesablama Palatasının adı, kənar dövlət maliyyə nəzarəti obyektinin adı;

27.3.3. pozuntuların təfərrüatı, əsaslandırıcı sübutlar və pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri;

27.3.4. aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün görülməli tədbirlər;

27.3.5. kollegiya qərarının icrasına nəzarətin həvalə edildiyi Hesablama Palatasının üzvü;

27.3.6. qərardan şikayət vermə müddəti və qaydası.

27.4. Hesablama Palatasının kollegiyasının iclasında auditor hesabatının təsdiq edilməməsi üçün aşağıdakılar əsas ola bilər:

27.4.1. auditor hesabatının kənar dövlət maliyyə nəzarəti tədbirinin proqramında təsbit olunmuş tələblərə uyğunsuzluğu;

27.4.2. kənar dövlət maliyyə nəzarəti tədbirinin tam həcmdə həyata keçirilməməsi;

27.4.3. təqdim edilmiş auditor hesabatında təkliflərin olmaması və ya hazırlanmış təkliflərin keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə uyğunsuzluğu.

27.5. Auditor hesabatı Hesablama Palatasının kollegiyasında təsdiq edilmədikdə, uyğunsuzluqların aradan qaldırılması üçün əlavə tədbirlərin keçirilməsi barədə tapşırıq verilir və bunun müddətləri müəyyən olunur.

27.6. Hesablama Palatasının kollegiya qərarı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, dövlətə dəyən zərərin ödənilməsi və şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə kənar dövlət maliyyə nəzarətinin obyektlərinə və nəzarət tədbirinin predmeti ilə əlaqədar aidiyyəti tərəflərə göndərilir.

27.7. Hesablama Palatasının qərarlarının icrası kənar dövlət maliyyə nəzarətinin obyektləri tərəfindən təmin edilməli və qərarda başqa müddət müəyyən edilməmişdirsə, görülmüş tədbirlər barədə qərarların onlara çatdığı gündən bir ay müddətində Hesablama Palatasına məlumat verilməlidir.

27.8. Hesablama Palatası kollegiyasının qərarının ləğv edilməsi və ya onlara dəyişikliklərin edilməsi Hesablama Palatasının kollegiyası tərəfindən həyata keçirilir.

27.9. Hesablama Palatası kollegiyasının qərarlarından kənar dövlət maliyyə nəzarətinin obyekti, həmin nəzarətin predmeti ilə əlaqədar digər aidiyyəti dövlət orqanı (qurumu) və bələdiyyə tərəfindən qərarların onlara çatdığı gündən 30 gün müddətində Hesablama Palatasına şikayət verilə bilər. Hesablama Palatası verilən şikayətə 30 gün müddətində baxıb şikayətin təmin edilməsi, qismən təmin edilməsi və ya təmin edilməsindən imtina barədə qərarlardan birini qəbul etməlidir. Qəbul edilmiş qərar kənar dövlət maliyyə nəzarətinin obyektinə, həmin nəzarətin predmeti ilə əlaqədar digər aidiyyəti dövlət orqanına (qurumuna) və bələdiyyəyə göndərilir. Kənar dövlət maliyyə nəzarətinin obyekti, həmin nəzarətin predmeti ilə əlaqədar digər aidiyyəti dövlət orqanı (qurumu) və bələdiyyə bu qanunun 27.9-cu maddəsinə uyğun olaraq Hesablama Palatası kollegiyasının qəbul etdiyi qərardan razı qalmadıqda məhkəməyə şikayət verə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver