28.1. Hesablama Palatasının qərarları kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən əsassız olaraq icra edilmədikdə həmin obyektin xəzinə və bank hesabları üzrə (müdafiə olunan xərc maddələri istisna olmaqla) əməliyyatların dayandırılması barədə müvafiq xəzinə orqanlarına və (və ya) müvəkkil banklara Hesablama Palatasının kollegiyasının qərarı əsasında təqdimatlar verilir və bu barədə Azərbaycan Respublikasının Milli Məclisinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və kənar dövlət maliyyə nəzarətinin obyektinə məlumat verilir.
28.2. Hesablama Palatasının təqdimatlarının əsassız olaraq icra edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
28.3. Hesablama Palatasının kollegiyasının qərarı əsasında verilmiş təqdimat həmin qərarın icrası təmin edilənədək qüvvədə qalır.
28.4. Təqdimatın ləğv edilməsi və ya onlara dəyişikliklərin edilməsi Hesablama Palatasının kollegiyası tərəfindən həyata keçirilir.
28.5. Bu qanunun 28.1-ci maddəsində müəyyən edilmiş qaydada təqdimatın verilməsi kənar dövlət maliyyə nəzarətinin obyekti və ya nəzarət tədbirinin predmeti ilə əlaqədar aidiyyəti tərəfi kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticəsi üzrə Hesablama Palatası kollegiyasının qərarının icrasından azad etmir.
28.6. Təqdimatlardan kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən təqdimatların onlara çatdığı gündən 30 gün müddətində Hesablama Palatasına şikayət verilə bilər. Hesablama Palatası verilən şikayətə 30 gün müddətində baxıb şikayətin təmin edilməsi, qismən təmin edilməsi və ya təmin edilməsindən imtina barədə qərarlardan birini qəbul edir. Qəbul edilmiş qərar kənar dövlət maliyyə nəzarətinin obyektinə göndərilir. Kənar dövlət maliyyə nəzarətinin obyekti Hesablama Palatası kollegiyasının qəbul etdiyi qərardan razı olmadıqda məhkəməyə şikayət verə bilər.