7.0. Hesablama Palatası aşağıdakı vəzifələri yerinə yetirir:
7.0.1. icmal büdcə xərclərinin yuxarı həddi və Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar da daxil olmaqla, icmal büdcənin, o cümlədən dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və müvafiq qanun layihələrinə rəy verir;
7.0.2. icmal büdcənin, o cümlədən dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar dövlət fondlarının (təsisatlarının) icrası barədə illik hesabatlara və müvafiq qanun layihələrinə rəy verir;
7.0.3. kənar dövlət maliyyə nəzarətinin obyektlərində aşağıdakı sahələrdə kənar dövlət maliyyə nəzarəti tədbirlərini həyata keçirir:
7.0.3.1. icmal büdcənin, o cümlədən dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) gəlirlərinin və kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfindən gəlirlərinin proqnozlaşdırılması, hesablanması, ödənilməsi və digər öhdəliklərin yerinə yetirilməsi;
7.0.3.2. icmal büdcənin, o cümlədən dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) xərclərinin və kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfindən xərclərinin proqnozlaşdırılması, hesablanması, icrası və digər öhdəliklərin yerinə yetirilməsi;
7.0.3.3. icmal büdcədən, o cümlədən dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrindən ayrılan vəsaitlərin qanunauyğun, məqsədyönlü, səmərəli və təyinatı üzrə istifadəsi;
7.0.3.4. dövlət əmlakının idarə edilməsi;
7.0.3.5. dövlət satınalmaları;
7.0.3.6. dövlət investisiyaları;
7.0.3.7. dövlət proqramlarına və layihələrinə ayrılmış vəsaitlərin istifadəsi;
7.0.3.8. qrantların və maliyyə (texniki) yardımlarının təyinatı üzrə və səmərəli istifadəsi;
7.0.3.9. ətraf mühitin mühafizəsi, təbii fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına ayrılmış vəsaitlərin istifadəsi;
7.0.3.10. daxili və xarici dövlət borcunun idarə olunması, dövlət zəmanəti ilə cəlb edilmiş borc öhdəliklərinin yerinə yetirilməsi, bağlanmış müqavilələrin şərtlərinə əməl olunması, xarici ölkələrə və şəxslərə verilən vəsaitlər üzrə öhdəliklərin icrası;
7.0.3.11. dövlət sifarişləri;
7.0.3.12. büdcədənkənar vəsaitlərin formalaşdırılması, yığılması və istifadəsi;
7.0.3.13. büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarə olunması və ya idarəetməyə verilməsi;
7.0.4. kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə və bu qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verir;
7.0.5. kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə Hesablama Palatasının kollegiyası tərəfindən qəbul edilmiş qərarlar əsasında qanunla müəyyən edilmiş müvafiq tədbirləri həyata keçirir;
7.0.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) və Azərbaycan Respublikasının Milli Məclisindən daxil olan dövlət maliyyəsi sahəsini tənzimləyən normativ hüquqi aktların, o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin layihələrinə rəy verir;
7.0.7. dövlət büdcəsinin icrasının təhlili ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) yarımillik və illik məlumat verir;
7.0.8. öz fəaliyyətində dövlət, kommersiya, vergi, bank və sığorta sirrinin qorunmasını təmin edir, habelə məxfilik rejiminə riayət edir;
7.0.9. korrupsiyaya qarşı mübarizə sahəsində qanunamüvafiq tədbirlər həyata keçirir;
7.0.10. hüquq pozuntularına qarşı mübarizə sahəsində dövlət orqanları ilə qarşılıqlı fəaliyyət göstərir;
7.0.11. fəaliyyəti barədə Azərbaycan Respublikasının Milli Məclisinə illik hesabat təqdim edir;
7.0.12. qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.