8.0. Hesablama Palatası öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları həyata keçirir:
8.0.1. kənar dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə dövlət xəzinədarlığı məlumatlarına birbaşa çıxış imkanı əldə edir;
8.0.2. dövlət vəsaitinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş göstəricilərə uyğunluğunu təhlil edir;
8.0.3. kənar dövlət maliyyə nəzarəti obyektlərindən dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin icrası ilə bağlı hesabat və məlumatları, habelə maliyyə, mühasibat, vergi və statistik uçotu hesabatlarını və zəruri sənədləri kağız və (və ya) elektron formada, həmçinin bu Qanunun 8.0.15-1-ci maddəsində göstərilən informasiya sistemi vasitəsilə alır, kənar dövlət maliyyə nəzarətinin məqsədləri çərçivəsində onların elektron informasiya sistemlərinə daxil olur;
8.0.4. kənar dövlət maliyyə nəzarəti obyektlərində aidiyyəti sahələrə daxil olur, müvafiq sahələrdə müşahidələr aparır, aktivlərin və öhdəliklərin mövcudluğunu yoxlayır, inventarizasiyasını aparır, məsul şəxslərdən və maliyyə nəzarətinin predmeti ilə əlaqədar digər tərəflərdən izahatlar və məlumatlar alır;
8.0.5. kənar dövlət maliyyə nəzarətinin həyata keçirilməsində informasiya texnologiyalarını tətbiq edir;
8.0.6. kənar dövlət maliyyə nəzarətinin həyata keçirilməsi, habelə bu Qanuna uyğun olaraq büdcələrin layihələrinə və icrasına dair rəylərin hazırlanması məqsədilə sorğular göndərməklə dövlət qurumlarından və bələdiyyələrdən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərdən və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən kağız və (və ya) elektron formada məlumat alır;
8.0.7 dövlət sirri hesab edilən məlumatları, habelə bu qanunla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədilə kənar dövlət maliyyə nəzarətinin predmetinə aid olan kommersiya, vergi, bank və sığorta sirrini təşkil edən məlumatları və fərdi məlumatları əldə edir;
8.0.8. kənar dövlət maliyyə nəzarəti tədbirlərinə qarşılıqlı razılıq əsasında dövlət orqanlarının nümayəndələrini, sərbəst auditorları, auditor təşkilatlarını, ekspert və mütəxəssisləri cəlb edir;
8.0.9. kənar dövlət maliyyə nəzarəti obyektindən kənar dövlət maliyyə nəzarətinin məqsədləri çərçivəsində sənədlərin təsdiq edilmiş surətlərini və bu qanunla müəyyən edilmiş hallarda əslini götürür;
8.0.10. bu qanunla müəyyən edilmiş qaydada və müddətdə aşkar edilmiş kənarlaşma hallarına dair sənədlərə və başqa sübutlara müdaxilə olunmasının qarşısını almaq məqsədilə müvafiq qaydada rəsmiləşdirilməklə kassaları, anbar və arxivləri möhürləyir;
8.0.11. kənar dövlət maliyyə nəzarətinin obyektində mühasibat uçotunun aparılmaması, yaxud qanunvericiliyin tələblərinə uyğun təşkil edilməməsi səbəbindən zəruri məlumatları əldə etmək mümkün olmadıqda, kənar dövlət maliyyə nəzarətinin obyektindən mühasibat uçotunun təmin edilməsini tələb edir;
8.0.12. kənar dövlət maliyyə nəzarətinin obyektlərində daxili nəzarətin və daxili auditin təşkilinin vəziyyətini qiymətləndirir;
8.0.14. kənar dövlət maliyyə nəzarətinin obyektlərinin vəzifəli şəxslərini Hesablama Palatasının kollegiya iclaslarına dəvət edir;
8.0.15. öz kadr potensialının gücləndirilməsi ilə bağlı tədbirləri həyata keçirir;
8.0.15-1. dövlət auditi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan informasiya sisteminə sahiblik edir və öz fəaliyyətini həyata keçirərkən həmin sistemdən istifadə edir;
8.0.16. qanunla müəyyən edilmiş hüquq və vəzifələrinin həyata keçirilməsi üçün qrantlar və ianələr alır;
8.0.17. dövlət qurumları ilə qarşılıqlı fəaliyyət göstərir;
8.0.18. qanunla nəzərdə tutulmuş digər hüquqları həyata keçirir.