Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, heyvanlar aləmindən istifadə ödənişlidir.
Heyvanlar aləmindən ödənişli istifadənin məqsədi heyvanlar aləmi obyektlərinin öyrənilməsinə, mühafizəsinə, artırılmasına, elmi təminatına, habelə onların yaşayış mühitinin qorunub saxlanılmasına və yaxşılaşdırılmasına yönəldilən dövlət xərclərini azaltmaq və onlardan istifadənin səmərəliliyini stimullaşdırmaqdır.
Heyvanlar aləmindən istifadəyə görə ödəmələr və qeyri-qanuni heyvan ovuna görə təbiətə dəymiş ziyanın məbləği, heyvanlar aləmi obyektlərinin istifadə növündən, miqdarından, ov üsulundan, ov alətlərinin və texniki vasitələrin növündən, habelə onların yaşayış mühitindən asılı olaraq diferensiallaşdırılır.
Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin məbləği, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna görə təbiətə dəymiş ziyanın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.