Qanunvericilik › İcra haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 84

Maddə 84. İcra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

İcra haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

84.1. İcra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla).

Eyni zamanda icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirməyən vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlərin görülməsi barədə yuxarı və ya aidiyyəti təşkilatlara təqdimat göndərilə bilər. Vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması barədə təqdimata baxılmasının nəticələri haqqında 1 ay müddətində məlumat verilməlidir.

84.2. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur.

84.3. Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur.

Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.

84.4. İcra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Xüsusi icra məmurunun müvafiq təqdimatının icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq edilməsi tələb olunmur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver