Qanunvericilik › İctimai televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. İctimai yayım proqramlarına verilən tələblər

İctimai televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. İctimai yayımçı bu Qanunla müəyyənləşdirilmiş məqsədlərini həyata keçirmək üçün proqramlar hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə almalıdır.

13.2. Proqramlar milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirməlidir.

13.3. İctimai yayım proqramlarında siyasi baxışların birtərəfli qaydada üstünlüyünə və ya təbliğatına yol verilmir. Plüralizm və dözümlülük prinsipinə uyğun olaraq cəmiyyətdəki müxtəlif nəzər nöqtələri, problemlərə yanaşma, şərhlər və analitik təhlillər alternativ əsaslarla və diskussiya formasında aparılır.

13.4. Yeni və orijinal televiziya və radio məhsullarının yaradılmasına, bədii filmlərin, serialların, televiziya və radio tamaşalarının efirə verilməsinə diqqət artırılmalıdır.

13.5. Dünya ölkələrinin ən yaxşı bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və (və ya) Azərbaycan dilində subtitrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır. Azərbaycan dilinə çevrilmədən Azərbaycan dilində subtitrlə müşayiət edilərək yayımlanan həmin proqramların həcmi Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən müəyyən edilir.

13.6. Proqramlarda Azərbaycanda istehsal olunan kino, tele, video və radio məhsullarının yayımlanmasına üstünlük verilir.

13.7. Proqramlarda istifadə olunan informasiyaların məzmunu, mənbəyi və ədalətliliyi araşdırılıb dəqiqləşdirilməlidir.

13.8. Xəbərlər proqramında informasiyalar əhatəli, tərəfsiz, qərəzsiz, müstəqil olmalı, cəmiyyətdəki fərqli nöqteyi-nəzərlərə uyğun hazırlanmalı, şərhlər informasiyadan dəqiq şəkildə seçilməlidir.

13.9. İctimai yayım proqramlarında ölkənin digər yayımçılarının proqramlarından ödənişsiz sitat və fraqmentlər gətirilə bilər, bu şərtlə ki, həmin sitat və fraqmentlərin ümumi həcmi 90 saniyədən çox olmasın və təsvirin üstündə emblemi göstərilməklə mənbəyi açıqlansın.

13.10. İctimai yayımçı insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası barədə maarifləndirici proqramların, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayırmalı və həmin proqramların daha əlverişli vaxtda yayımını təmin etməlidir. Sosial reklam “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yayımlanır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver