6.0. İctimai yayımçının aşağıdakı hüquqları vardır:
6.0.1. özünün yayım xidmətlərini yaratmaq;
6.0.2. əhalinin ümumi maraqlarını əhatə edən proqramlar hazırlamaq, bədii, sənədli, cizgi filmləri, habelə seriallar çəkmək, onları yayımlamaq, audio və video yazılarını çoxaltmaq, satmaq və ya icarəyə vermək;
6.0.3. reklam fəaliyyəti ilə məşğul olmaq;
6.0.4. ölkə ərazisində və xaricdə özünün müxbir məntəqələrini, filial və nümayəndəliklərini açmaq;
6.0.5. televiziya və radio yayımı ilə bağlı istənilən mətbu nəşrin təsisçisi olmaq;
6.0.6. öz proqram cədvəlini dərc etmək və ya bu hüququ üçüncü şəxsə vermək;
6.0.7. özünün ötürücü qurğular şəbəkəsindən istifadə etmək, bu funksiyanı digər subyektə həvalə etmək və ya ötürücü qurğular şəbəkəsini icarəyə vermək;
6.0.8. proqramlarını peyk rabitəsi, kabel şəbəkəsi, yaxud digər yerüstü texniki qurğular vasitəsilə ölkənin bütün ərazisinə ötürmək;
6.0.9. əlavə informasiya, internet və digər yayım xidmətləri, yaxud texnologiyanın ən yeni sahələrində fəaliyyət göstərmək;
6.0.10. özünün arxiv materiallarını ölkədaxili yayımçılara və ya yayımdankənar subyektlərə icarəyə vermək;
6.0.11. əlavə və ya tamamlayıcı xidmətlər, o cümlədən xarici dillərdə informasiya xidməti göstərmək üçün üçüncü şəxslərlə əməkdaşlıq etmək, yaxud üçüncü şəxsin bu sahəyə ayırdığı nizamnamə kapitalındakı payını əldə etmək;
6.0.12. nizamnamə vəzifələrini yerinə yetirmək üçün zəruri olan və qanunla qadağan edilməyən digər fəaliyyətlə məşğul olmaq.