7.1. İctimai yayımçının vəzifələri aşağıdakılardır:
7.1.1. ölkədə və dünyada baş verən mühüm hadisələr, dövlət orqanlarının, bələdiyyələrin, siyasi partiyaların, ictimai birliklərin, dini qurumların və kommersiya təşkilatlarının fəaliyyəti barədə vətəndaşların qərəzsiz və tarazlaşdırılmış informasiya almaq hüququnun həyata keçirilməsi;
7.1.1-1 Azərbaycan Respublikasının Dövlət Himninin hər səhər ictimai yayımın əvvəlində “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq səsləndirilməsi;
7.1.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyub inkişaf etdirən maarifləndirici, məlumatlandırıcı və əyləndirici proqramlar vasitəsilə vətəndaşların maraqlarının təmin olunması;
7.1.3. Azərbaycan və dünya müəlliflərinin əsərləri üzrə yüksək sənətkarlıq nümunəsi olan tamaşaların, bədii, sənədli və cizgi filmlərinin, serialların, incəsənət əsərlərinin, mühüm tarixi və mədəni tədbirlərin lentə alınması və gələcək nəsillər üçün ictimai yayımçının qızıl fondunda saxlanması;
7.1.4. hazırlanıb efirə verilən proqramlarda vətəndaşların öz fikirlərini bildirməsi üçün bərabər imkanlar yaradılması;
7.1.5. vətəndaşların cavabvermə hüququnun təmin edilməsi;
7.1.6. informasiyanın tərəfsizliyinin, qərəzsizliyinin və doğru-dürüstlüyünün təmin edilməsi;
7.1.7. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə riayət edilməsi;
7.1.8. vətəndaşların şəxsi və ailə həyatına, şərəf və ləyaqətinə hörmətlə yanaşılması;
7.1.9. yayım zamanı peşə etikasına riayət olunması;
7.1.10. tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların açıq yayımlanmaması;
7.1.12. proqramlarda dövlət dilindən istifadənin və dövlət dili normalarına riayət edilməsinin təmin olunması.
7.2. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ictimai yayımçı tütündən istifadənin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda proqramlar hazırlayır və bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırır. Bu proqramların 45 dəqiqəsi saat 17.30 - 23.00 arasında olmaqla saat 08.00 - 23.00 arasında yayımlanır və proqramların surəti hər ay Azərbaycan Respublikasının Audiovizual Şurasına təhvil verilir.