Qanunvericilik › İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13-2

Maddə 13-2. İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində informasiyanın yayılması

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13-2.1. İnternet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini, o cümlədən dövlət dili normalarına riayət edilməsini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır.

13-2.2. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi hüquqi şəxsdirsə adı, təşkilati-hüquqi forması, elektron poçt ünvanı, fiziki şəxsdirsə adı, soyadı və atasının adı və elektron poçt ünvanı həmin saytda aydın oxuna bilən yerdə və formada yerləşdirməlidir.

13-2.3. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir:

13-2.3.1. terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar;

13-2.3.2. zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar;

13-2.3.3. dövlət sirri təşkil edən məlumatlar;

13-2.3.3-1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatlar (dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatlar istisna olmaqla);

13-2.3.4. odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar;

13-2.3.5. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar;

13-2.3.6. pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar;

13-2.3.6-1. kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar;

13-2.3.7. qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar (“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalar, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunları barədə məlumatlar istisna olmaqla);

13-2.3.8. intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar;

13-2.3.8-1. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar (“Universal” yaş kateqoriyasına aid olanlar istisna olmaqla);

13-2.3.9. təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar;

13-2.3.9-1. şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materiallar;

13-2.3.10. əqli mülkiyyət hüquqlarını pozan məlumatlar;

13-2.3.10-1. insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar;

13-2.3.11. Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya.

13-2.4. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında və ya onun müvafiq hissəsində yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini və ya həmin informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasını təmin edir.

13-2.5. Host provayder öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında və ya onların müvafiq hissələrində yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda, dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi və ya həmin informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması üçün tədbirlər görür.

13-2.6. internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmalıdır.

13-2.7. Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver