13-3.1. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 13-2.3.5–13-2.3.9-cu və 13-2.3.10-1-ci maddələrində göstərilən informasiyalar istisna olmaqla yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Xəbərdarlığın məzmununda yayılması qanunla qadağan edilən informasiya barədə məlumat, müvafiq informasiyanın internet informasiya ehtiyatından götürülməsinə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasına dair tələb, belə tələb üçün qanunda nəzərdə tutulmuş əsaslar, habelə müvafiq tələbə vaxtında riayət edilməyəcəyi təqdirdə görüləcək tədbirlər barədə məlumat göstərilməlidir.
13-3.2. Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qanunla qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət məhdudlaşdırılmadıqda, müvafiq icra hakimiyyəti orqanı informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması barədə ərizə ilə rayon (şəhər) məhkəməsinə müraciət edir.
13-3.3. Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda, habelə bu Qanunun 13-2.3.5−13-2.3.9-cu və 13-2.3.10-1-ci maddələrində göstərilən informasiyaların yerləşdirilməsi hallarında internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılır.
13-3.4. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 13-3.3-cü maddəsində nəzərdə tutulmuş qərarı qəbul etdikdə, eyni zamanda, internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edir. İnformasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar məhkəmə tərəfindən internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması barədə müraciətə baxılanadək və ya həmin qərar ləğv edilənədək qüvvədə qalır.
13-3.5. Məhkəmə internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması barədə müraciətə 5 günədək müddətdə baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.
13-3.6. Məhkəmə internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması haqqında, müvafiq icra hakimiyyəti orqanı isə internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul etdikdə, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını və ya onun müvafiq hissəsini “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edir. Siyahıdakı məlumatların tərkibi, siyahının tərtibi, tətbiqinə nəzarət edilməsi və host və internet provayderlərlə qarşılıqlı əlaqənin təşkil edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
13-3.7. İnternet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciəti məhdudlaşdırmalı və bu barədə internet informasiya ehtiyatının sahibinə məlumat verməlidirlər.
13-3.8. İnternet informasiya ehtiyatının sahibi məlumatın götürülməsini bu Qanunun 13-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada təmin etmədikdə və informasiyanın internet informasiya ehtiyatında və ya onun müvafiq hissəsində yayılmasının qanunla qadağan edilməsi ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qərarı olduqda, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını və ya onun müvafiq hissəsini şəxsin müraciəti əsasında “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edir. Həmin internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması üçün bu Qanunun 13-3.7-ci maddəsində nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.