14-4.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) rəqəmsal həllərin tətbiq olunacağı sahə üzrə tənzimləmə və nəzarət funksiyalarını həyata keçirən aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə fiziki və hüquqi şəxslərin (dövlətə məxsus olan kommersiya hüquqi şəxslər və publik hüquqi şəxslər istisna olmaqla) müraciəti əsasında onlar tərəfindən tətbiqi (istifadəsi) təklif olunan rəqəmsal həllərin (o cümlədən süni intellekt texnologiyalarının) sınaqdan keçirilməsi məqsədilə tənzimləyici test mühitini tətbiq edir.
14-4.2. Tənzimləyici test mühitinin həyata keçirilməsi qaydaları, o cümlədən onda iştirak edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi, tənzimləyici test mühitinin maksimum müddəti və normativ hüquqi aktların tələblərindən istisnaların tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
14-4.3. Bu Qanunun maddələri maliyyə bazarlarında rəqəmsal həllərin (o cümlədən süni intellekt texnologiyalarının) sınaqdan keçirilməsinə şamil edilmir. Maliyyə bazarlarında rəqəmsal həllərin (o cümlədən süni intellekt texnologiyalarının) sınaqdan keçirilməsi “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mərkəzi Bankının nəzarəti altında həyata keçirilən tənzimləyici test mühiti üzrə sınaqlarda iştirak edən subyektlərin sayına və sınaqların nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet informasiya ehtiyatındakı müvafiq reyestrdə əks olunan açıq məlumatları altı ayda bir dəfə - yanvar və iyul aylarının 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.