14-3.1. Ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri, eləcə də Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla, dövlət orqanları (qurumları) tərəfindən hər növbəti il ərzində həyata keçirilməsi nəzərdə tutulan rəqəmsal inkişaf üzrə layihələrə dair təkliflər, tələb olunan maliyyə vəsaitinin məbləği və maliyyələşdirmə mənbəyi qeyd edilməklə, cari il yanvarın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin təkliflərə 2 ay müddətində baxaraq texniki və səmərəlilik baxımından məqsədəuyğunluq haqqında rəyini aidiyyəti dövlət orqanına (qurumuna) təqdim edir.
14-3.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət investisiyası çərçivəsində həyata keçirilən rəqəmsal inkişaf üzrə layihələrə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) rəy alınması üçün müraciətə 14 iş günü müddətində baxmalı və cavablandırmalıdır. Bu müddət ərzində müraciət cavablandırılmadıqda, rəy müsbət hesab olunur.
14-3.3. Dövlət proqramlarında, strategiyalarda, milli fəaliyyət planlarında, konsepsiyalarda və bu kimi digər sənədlərdə nəzərdə tutulan strateji hədəflərə və məqsədlərə, ölkənin rəqəmsal inkişaf üzrə vahid arxitekturasına uyğun olmayan, dövlət investisiyası çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulmayan, habelə təkrar (dublikat) layihələrə müsbət rəy verilmir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özünün və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müsbət rəy verdiyi layihələrə dair sənədləri həmin rəylə birlikdə cari il aprelin 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
14-3.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 14-3.3-cü maddəsində qeyd edilən sənədləri aldığı vaxtdan 2 ay müddətində maliyyə ekspertizasını apararaq rəyini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və aidiyyəti dövlət orqanına (qurumuna) təqdim edir.
14-3.5. Bu Qanunun 14-3.1-ci, 14-3.2-ci və 14-3.4-cü maddələrində qeyd edilən rəylər müsbət olduqda aidiyyəti dövlət orqanı (qurumu) rəqəmsal inkişaf üzrə layihələrin maliyyələşdirilməsi üzrə təkliflərini “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq cari il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
14-3.6. Bu Qanunun 14-3.5-ci maddəsində nəzərdə tutulan layihələrin maliyyələşdirilməsi üçün vəsaitin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aidiyyəti dövlət qurumuna hər bir layihə üzrə ayrılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla həyata keçirilir.
14-3.7. Rəqəmsal inkişaf üzrə layihələrin maliyyələşdirilməsi üzrə dövlət qurumları tərəfindən təkliflərin, eləcə də həmin təkliflərə dair bu Qanunun 14-3.1-ci, 14-3.2-ci və 14-3.4-cü maddələrində qeyd edilən rəylərin verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi üzərindən həyata keçirilir.