20-3.1. Kritik informasiya infrastrukturu subyektləri onlara məxsus olan kritik informasiya infrastrukturuna kibertəhdidlərin, kiberhücumların, kiberinsidentlərin, habelə bu əməllərin törədilməsinə cəhdlərin aşkarlanması, qarşısının alınması və zərərli nəticələrinin aradan qaldırılması məqsədilə müvafiq infrastrukturun informasiya təhlükəsizliyini idarəetmə sistemini təşkil etməli və onun fəaliyyətini təmin etməlidirlər.
20-3.2. Kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sisteminin tərkibi və fəaliyyət qaydası kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi tələblər əsasında, kritik informasiya infrastrukturu subyektinin fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla, onun tərəfindən müəyyən edilir və kritik informasiya infrastrukturu obyektlərinin reyestrində yerləşdirilməsi təmin edilir.
20-3.3. Kritik informasiya infrastrukturu subyekti səlahiyyətli orqanla qarşılıqlı əlaqələrin operativliyini təmin etmək məqsədilə kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə məsul şəxs təyin edir və bu barədə məlumatın kritik informasiya infrastrukturu obyektlərinin reyestrində yerləşdirilməsini təmin edir.
20-3.4. Kritik informasiya infrastrukturu subyektləri onlara məxsus olan kritik informasiya infrastrukturuna kibertəhdidlər, kiberhücumlar, kiberinsidentlər, habelə bu əməllərin törədilməsinə cəhdlər barədə məlumatları kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərlə müəyyən edilmiş qaydada səlahiyyətli orqana göndərməlidirlər.
20-3.5. Kritik informasiya infrastrukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxs və bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşlar Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar.