20-4.1. Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
20-4.2. Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə xüsusi tələblər kritik informasiya infrastrukturunun subyekti tərəfindən kritik informasiya infrastrukturunun təyinatı və onun fəaliyyət xüsusiyyətlərinə müvafiq olaraq müəyyən edilir və kritik informasiya infrastrukturu obyektlərinin reyestrində yerləşdirilməsi təmin edilir.
20-4.3. Səlahiyyətli orqan kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərin tətbiqi ilə bağlı məsələlər üzrə kritik informasiya infrastrukturu subyektlərinə yazılı və şifahi şəkildə izahlar verir, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstərir.
20-4.4. Səlahiyyətli orqan kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə riayət olunmasını kritik informasiya infrastrukturu subyektindən tələb edə bilər. Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə riayət edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə səlahiyyətli orqanın kritik informasiya infrastrukturunun subyektinə göndərdiyi sorğular təxirə salınmadan cavablandırılmalıdır.
20-4.5. Kritik informasiya infrastrukturunun subyekti ona məxsus kritik informasiya infrastrukturu obyektinə olan kiberhücumlara qarşı cavab tədbirlərinin görülməsi, habelə kibertəhdidlərin və kiberinsidentlərin qarşısının alınması ilə bağlı səlahiyyətli orqanın həyata keçirdiyi fəaliyyətə zəruri şərait yaratmalı və dəstək verməlidir.
20-4.6. Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.