11.1. İİV-ə tibbi müayinə zəruri şəraitə, müvafiq tibbi avadanlığa malik olan istənilən tibb müəssisəsində (özəl tibb fəaliyyəti ilə məşğul olan müəssisələrin qanunvericilikdə müəyyən edilmiş qaydada bu fəaliyyətlə məşğul olmaq hüququ olduqda) aparıla bilər.
11.2. İİV-ə təsdiqedici tibbi müayinə İİV infeksiyasının diaqnostikası üzrə referens laboratoriyası olan tibb müəssisələri tərəfindən həyata keçirilir.
11.3. İİV-ə tibbi müayinə şəxsə fiziki, psixoloji və mənəvi təzyiq göstərməklə aparıla bilməz.
11.4. Müayinə olunan şəxs məcburi müayinə halları istisna olmaqla, istənilən mərhələdə İİV-ə tibbi müayinədən imtina etmək hüququna malikdir.
11.5. Yetkinlik yaşına çatmayanların və qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin İİV-ə tibbi müayinəsi və müalicəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı (müraciəti) ilə aparılır. Yetkinlik yaşına çatmayan şəxsin İİV-ə tibbi müayinəsi və müalicəsi zəruri hesab edildikdə və uşağın maraqlarının qorunması tələb etdikdə, lakin valideynin və ya digər qanuni nümayəndənin razılığını almaq mümkün olmadığı təqdirdə bu müayinə və müalicə qəyyumluq və himayəçilik orqanının razılığı ilə aparıla bilər. Yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur.
11.6. İİV-ə tibbi müayinənin aparılması həyati göstərişlər əsasında təxirəsalınmaz hesab edildikdə və xəstə vəziyyəti ilə əlaqədar öz qərarını bildirmək iqtidarında olmadıqda tibbi müayinə həkimlərin konsiliumunun qərarı əsasında həll olunur.
11.7. İİV-ə tibbi müayinə testdən əvvəl və testdən sonrakı psixososial məsləhətləşmə ilə müşayiət olunur. Yetkinlik yaşına çatmayanlarla psixososial məsləhətləşmə psixoloqun, valideynlərin və ya digər qanuni nümayəndələrin iştirakı ilə aparılır. Psixososial məsləhətləşmə şəxsin fərdi xüsusiyyətləri nəzərə alınmaqla təyin olunur.
11.8. Tibb müəssisəsi müayinə olunan şəxsə İİV-ə müayinənin nəticələri haqqında məlumat verir. İİV-ə müsbət diaqnoz təsdiqedici müayinə əsasında referens laboratoriya tərəfindən verilir.
11.9. Şəxsə İİV-ə yoluxduğunu tibbi müayinə aparmış müəssisənin məsul işçisi bildirir. İİV-ə yoluxduğu müəyyən edilmiş şəxsə tibb müəssisəsi tərəfindən universal təhlükəsizlik tədbirləri, hüquqi və sosial təminatlar izah edilir, xəstəliyin yayılmasının qarşısının alınması qaydalarına (ehtiyat tədbirlərinə) riayət etmək tapşırılır və yoluxdurma təhlükəsi yaratmağa və ya qəsdən başqasını yoluxdurmağa görə cinayət məsuliyyəti daşıdığı haqqında yazılı xəbərdarlıq edilir. İİV-ə yoluxmuş şəxs əgər 16 yaşına çatmışdırsa xəbərdar edilməsini yazılı surətdə təsdiq edir və imzalayır.
11.10. İİV-ə tibbi müayinə, İİV-müsbət status, eləcə də İİV-lə yaşayan şəxs vəfat etdikdən sonra onun İİV-müsbət statusu haqqında məlumatlar konfidensial saxlanılır və qanunvericiliklə müəyyən olunmuş qaydada qorunur. Bu məlumatlara malik olan şəxslər onları sirr olaraq saxlamağa borcludurlar.
11.11. İİV-ə tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.