Qanunvericilik › İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. İİV infeksiyası ilə mübarizə sahəsində dövlət təminatları

İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.0. İİV infeksiyası ilə mübarizə sahəsində dövlət təminatları aşağıdakılardan ibarətdir:

4.0.1. İİV infeksiyası ilə mübarizə üzrə milli strategiyanın və dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsi;

4.0.2. İİV infeksiyası ilə mübarizə üzrə xidmətlərin ölkənin bütün ərazisində təşkilinin təmin edilməsi;

4.0.3. əhalinin İİV infeksiyası və onunla mübarizə sahəsində hərtərəfli məlumatlandırılması və maarifləndirilməsi;

4.0.4. yüksək riskli əhali qrupları arasında İİV infeksiyasının səmərəli profilaktikası üzrə kompleks tədbirlərin həyata keçirilməsi;

4.0.5. İİV-ə tibbi müayinənin anonimliyinə və konfidensiallığına təminat verilməsi;

4.0.6. İİV-ə tibbi müayinənin dövlət tibb müəssisələrində pulsuz həyata keçirilməsi;

4.0.7. İİV-ə tibbi müayinənin testdən əvvəl və testdən sonrakı psixososial məsləhətlərlə müşayiət olunması;

4.0.8. İİV-ə tibbi müayinənin məlumatlandırılmış razılıq əsasında həyata keçirilməsi;

4.0.9. İİV infeksiyası ilə mübarizə sahəsində epidemioloji nəzarət, monitorinq və qiymətləndirilmə sisteminin təşkili;

4.0.10. tibbi prosedurların, eləcə də diaqnostik, müalicəvi və elmi məqsədlərlə istifadə olunan qanın, qan komponentlərinin, digər bioloji mayelərin, orqan və toxumaların təhlükəsizliyinin təmin edilməsi;

4.0.11. İİV-ə yoluxma riski olan tibb işçilərinin və digər mütəxəssislərin təhlükəsiz əmək şəraiti ilə və zəruri qoruyucu vasitələrlə təmin edilməsi;

4.0.12. İİV-in anadan uşağa ötürülməsinin profilaktikasının təmin edilməsi;

4.0.13. İİV-lə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərin dövlət tibb müəssisələrində tibbi yardımla (o cümlədən ixtisaslaşdırılmış tibbi yardımla) və dərman vasitələri ilə pulsuz təmin edilməsi;

4.0.14. QİÇS mərhələsində olan İİV-lə yaşayan şəxslərə palliativ yardımın göstərilməsi;

4.0.15. İİV-lə yaşayan şəxslərin və İİV infeksiyasından zərər çəkmiş şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada sosial müdafiəsi;

4.0.16. İİV infeksiyası problemləri üzrə mütəxəssislərin hazırlanması, tibb işçilərinin bilik və bacarıqlarının artırılması üçün şəraitin yaradılması;

4.0.17. İİV infeksiyası problemləri üzrə elmi və xüsusi araşdırma və tədqiqatların aparılması, eləcə də ölkədə İİV infeksiyasının profilaktikasının, diaqnostikasının və müalicəsinin müasir səmərəli üsullarının tətbiq edilməsi;

4.0.18. İİV infeksiyası ilə bağlı məsələlərin həllinə yönəldilmiş ictimai və xeyriyyə fəaliyyətlərinə dəstək verilməsi;

4.0.19. İİV infeksiyası problemləri üzrə beynəlxalq əməkdaşlığın inkişafına, beynəlxalq proqramlar çərçivəsində mütəmadi olaraq məlumatların və təcrübənin mübadiləsinə şərait yaradılması;

4.0.20. qanunvericiliklə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver