5.1. Dövlət əhali arasında, xüsusilə yüksək riskli əhali qruplarının üzvləri, mütəmadi miqrasiya edən şəxslər və gənclər arasında təhlükəsiz və məsuliyyətli davranışın aşılanması məqsədi ilə İİV infeksiyasının əsas xüsusiyyətləri, İİV-ə yoluxma və yoluxmadan qorunma yolları haqqında maarifləndirməni həyata keçirir.
5.2. Təhsil müəssisələrində gənclər arasında İİV infeksiyasının, cinsi yolla keçən infeksiyaların profilaktikası və bu sahədə bilik səviyyəsinin artırılması məqsədi ilə tədris proqramlarına ayrıca bölmələr daxil edilir. Təhsilin hər bir pilləsində İİV infeksiyasının profilaktikası üzrə tədrisin məzmunu, həcmi və metodologiyası yaşa uyğun, elmi cəhətdən dəqiq, dəlillərin göstərildiyi və insan hüquqlarına söykənən məlumatlara əsaslanır.
5.3. Dövlət və ictimai televiziya və radio yayımçıları İİV infeksiyasının profilaktikası barədə maarifləndirici proqramların, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayırmalı və həmin proqramların daha əlverişli vaxtda yayımını təmin etməlidir. Sosial reklam “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yayımlanır.