Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Paylı investisiya fondunun paylarının satışının və geri satın alınmasının dayandırılması

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.1. Paylı investisiya fondunun paylarının geri satın alınması dayandırıldıqda, onun paylarının satışı da dayandırılır.

19.2. Paylı investisiya fondunun paylarının satışı və geri satın alınması idarəçinin qərarı ilə aşağıdakı hallarda dayandırılır:

19.2.1. depozitar xidmətlərinin göstərilməsi ilə bağlı hüquq və öhdəliklər digər depozitara keçdiyi müddət ərzində;

19.2.2. fors-major hallarında fondun fəaliyyətinin təmin edilməsi mümkün olmadıqda.

19.3. Açıq paylı investisiya fondunun payının cari dəyəri bundan əvvəlki tarixə hesablanmış payın dəyərinə nisbətən 20 faiz dəyişdikdə və ya payların geri satın alınması nəticəsində açıq və ya interval paylı investisiya fondunun xalis aktivlərinin dəyəri sonuncu hesablanma tarixinə nisbətən 10 faiz və daha çox azaldıqda, idarəçi Mərkəzi Bankı məlumatlandırmaqla, fondun paylarının satışını və geri satın alınmasını 3 iş günündən çox olmayan müddətə dayandıra bilər.

19.4. İdarəçi paylı investisiya fondunun paylarının satışının və geri satın alınmasının dayandırılması barədə qərarı yalnız payların satışı və geri satın alınması üzrə sifarişlərin qəbul müddəti bitdikdən sonra qəbul edə bilər.

19.5. Payların satışını və geri satın alınmasını dayandırdıqda, idarəçi müvafiq qərarın qəbul edildiyi gün dayandırmanın səbəblərini göstərməklə, fondun depozitarına və Mərkəzi Banka yazılı formada məlumat təqdim etməlidir.

19.6. Paylı investisiya fondunun paylarının satışı və geri satın alınması aşağıdakı hallarda Mərkəzi Bankın qərarı ilə dayandırılır:

19.6.1. idarəçinin və ya depozitarın müvafiq lisenziyası ləğv olunduqda;

19.6.2. idarəçi, depozitar, auditor və ya qiymətləndirici (qiymətləndirici təşkilat) tərəfindən investisiya fondunun fəaliyyətinin təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulduqda.

19.7. Payların satışı və geri satın alınması onların dayandırılmasının səbəbləri aradan qaldırıldıqdan sonra bərpa edilir. Payların satışının və geri satın alınmasının bərpası üçün idarəçi həmin səbəblərin aradan qaldırılmasını təsdiqləyən faktları göstərməklə, fondun depozitarına və Mərkəzi Banka yazılı formada məlumat təqdim etməli, habelə həmin məlumatı fondun qaydalarında müəyyən edilmiş mediada dərhal dərc etdirməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver