Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 33

Maddə 33. İnvestisiya fondunun reklamı

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

33.1. İdarəçi və ya səhmdar investisiya fondu səhm və payların reklamı zamanı qeyri-dəqiq, təhrif edilmiş, habelə investisiya bəyannaməsinə zidd olan məlumatlardan istifadə etməməlidir. İnvestorların qərarlar qəbul etməsi üçün vacib olan məlumatların, o cümlədən risklər barədə məlumatların gizlədilməsinə yol verilmir.

33.2. İdarəçi və ya investisiya fondu reklamda risklər haqqında məlumat verməyə borcludur. Reklam materiallarında aşağıdakılar əks olunmalıdır:

33.2.1. risk haqqında xəbərdarlıq – səhm və payların dəyərinin azalması ehtimalı;

33.2.2. investisiyaların geri alınmaması ehtimalı;

33.2.3. “Əvvəlki nəticələr və gəlirlilik səviyyəsi gələcəkdə əldə ediləcək nəticələr və gəlirlilik səviyyəsinə dair heç bir təminat və zəmanət vermir” xəbərdarlığı.

33.3. Reklam materiallarında aşağıdakılar yolverilməzdir:

33.3.1. investisiya fondunun və idarəçinin investisiya fəaliyyətinin gələcək gəlirliliyi və səmərəliliyi barədə təminatların verilməsi;

33.3.2. idarəçinin investisiya fəaliyyətinin nəticələrinə mühüm təsir edəcək amillər haqqında yanlış, yaxud təhrif edilmiş məlumatların və hesabatların verilməsi;

33.3.3. idarəçinin investisiya fəaliyyətinin nəticələrinin müqayisəsi zamanı gəlirlilik səviyyəsi və xalis aktivlərinin dəyərinə, habelə investisiya bəyannaməsinə əsaslanmayan göstəricilərdən istifadə edilməsi;

33.3.4. investisiyaların risksiz olmasına təminatların verilməsi;

33.3.5. investisiya fondunun və idarəçinin idarəetmə orqanlarının üzvlərinin təcrübəsi və bacarığı barədə həqiqətə uyğun olmayan və ya təsdiq olunmamış məlumatların verilməsi.

33.4. İdarəçi, səhmdar investisiya fondu, yaxud payların və səhmlərin satışını həyata keçirən investisiya şirkəti investorlara risklər haqqında xəbərdarlıq sənədini təqdim edir və investorlara bu sənədlə tanış olub imzaladıqdan sonra payların və ya səhmlərin satışını həyata keçirir.

33.5. İdarəçi və ya səhmdar investisiya fondu payların və ya səhmlərin satışını həyata keçirən zaman, risklər haqqında xəbərdarlıq sənədi investorlar tərəfindən imzalanmadığı təqdirdə, investorlara vurulan zərərə görə məsuliyyət daşıyır.

33.6. Risklər haqqında xəbərdarlıq sənədinə dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir.

33.7. İnvestisiya fondu və ya idarəçi, həmçinin onların reklamını həyata keçirən qurumlar Mərkəzi Bankın tələblərinə əsasən reklam və satış materiallarını həmin orqana təqdim etməlidirlər.

33.8. Reklam materialları qanunvericiliyin tələblərinə cavab vermədiyi təqdirdə, Mərkəzi Bank onların yayılmasını qadağan edə və ya aşkar edilmiş nöqsanlar aradan qaldırılanadək müvəqqəti dayandıra bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver