34.1. Azərbaycan Respublikası ərazisində səhmdar investisiya fondu və ya investisiya fondlarının idarə edilməsi fəaliyyətləri ilə yalnız bu Qanuna və digər normativ hüquqi və normativ xarakterli aktlarına uyğun olaraq lisenziyaya malik olan hüquqi şəxslər məşğul ola bilərlər.
34.2. Səhmdar investisiya fondu və investisiya fondlarının idarə edilməsi üzrə fəaliyyətlərə lisenziyanın verilməsi və ləğv edilməsi bu Qanunla və digər normativ hüquqi və normativ xarakterli aktlarla müəyyən edilmiş qaydada Mərkəzi Bank tərəfindən həyata keçirilir.
34.3. Səhmdar investisiya fondu və investisiya fondlarının idarə edilməsi üzrə fəaliyyətlərə lisenziyalar müddətsiz verilir. Lisenziyadan yalnız onu almış şəxs tərəfindən istifadə edilə bilər və üçüncü şəxslərə ötürülə bilməz. İnvestisiya fondu və ya investisiya fondlarının idarə edilməsi üzrə fəaliyyətlərə verilmiş lisenziyalar Mərkəzi Bank tərəfindən verildiyi gündən qüvvəyə minir.
34.4. Səhmdar investisiya fondu və investisiya fondlarının idarə edilməsi üzrə fəaliyyətlərə lisenziyaların verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş miqdarda və qaydada dövlət rüsumu ödənilir.
34.5. Səhmdar investisiya fondunun və idarəçinin nizamnamə kapitalının minimum məbləği Mərkəzi Bank tərəfindən müəyyən edilən tələblərə cavab verməlidir.
34.6. Siyahısı Mərkəzi Bank tərəfindən müəyyən edilən offşor zonalarda qeydiyyata alınmış və ya təsisçiləri, mühüm iştirak payının sahibləri və benefisiar mülkiyyətçiləri belə zonalarda qeydiyyata alınmış şəxslər səhmdar investisiya fondunun və idarəçinin təsisçiləri və ya səhmdarları ola bilməzlər. Qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisində qeydiyyatdan keçməmiş, aidiyyəti tənzimləmə və Mərkəzi Bank tərəfindən tənzimləmə və nəzarət prosesləri ilə əhatə olunmayan investisiya fondlarının və ya idarəçilərin fəaliyyətinə yol verilmir.
34.7. İdarəçinin investisiya fondlarının idarə edilməsini həyata keçirən bütün əməkdaşları ixtisas şəhadətnaməsinə malik olmalıdır.