Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 40

Maddə 40. Səhmdar investisiya fondunun və idarəçinin mühüm iştirak payının sahiblərinə və rəhbər və digər vəzifələrini tutan şəxslərə dair tələblər

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

40.1. Səhmdar investisiya fondunun və idarəçinin mühüm iştirak payının sahibləri aşağıdakı tələblərə cavab verməlidirlər:

40.1.1. məqbul və lazımi keyfiyyətlərə malik olmalıdır (fiziki şəxslər üçün);

40.1.2. fəaliyyət göstərdiyi sahə üzrə prudensial normativlərə (olduqda) riayət etməlidir və icra orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik olmalıdır (hüquqi şəxslər üçün);

40.1.3. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsində göstərilən siyahıya daxil olan dövlətlərin (ərazilərin) vətəndaşları və həmin dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçən hüquqi şəxslər olmamalıdır.

40.2. Səhmdar investisiya fondunun və idarəçinin müşahidə şurasının, icra orqanının və audit komitəsinin üzvü, habelə kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun işlərini aparan tam ortağı (ortaqları) aşağıdakı tələblərə cavab verməlidir:

40.2.1. ali təhsili olmalıdır;

40.2.2. maliyyə vəziyyətinin pisləşməsi üzündən və ya müflis elan olunaraq, məcburi ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən ən azı əvvəlki bir il ərzində həmin hüquqi şəxsin müşahidə şurasının, icra orqanının, audit komitəsinin üzvü və ya daxili audit xidmətinin rəhbəri və əməkdaşları olmamalıdır;

40.2.3. tutduğu vəzifədən peşə uyğunsuzluğuna görə azad edilmiş olmamalıdır;

40.2.4. məqbul və lazımi keyfiyyətlərə malik olmalıdır;

40.2.5. səhmdar investisiya fondunun və idarəçinin müşahidə şurasının, icra orqanının üzvü maliyyə xidmətləri sektorunda ən azı 3 il, audit komitəsinin üzvü isə audit fəaliyyəti, yaxud əlaqədar sahələrdə azı 4 il iş təcrübəsinə malik olmalıdır.

40.2-1. Səhmdar investisiya fondunun və idarəçinin baş mühasibi və ya bu vəzifələri icra edən şəxs “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı almalıdır.

40.2-2. Daxili audit xidmətinin rəhbəri və əməkdaşları “Daxili audit haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verməlidir.

40.2-3. Səhmdar investisiya fondunun və idarəçinin baş mühasibi (bu vəzifələri icra edən şəxs), daxili audit xidmətinin rəhbəri və əməkdaşları məqbul və lazımi keyfiyyətlərə malik olmalıdır.

40.3. İdarəçinin müşahidə şurasının, icra orqanının və audit komitəsinin üzvü və ya daxili audit xidmətinin rəhbəri və əməkdaşları eyni zamanda digər idarəçidə və ya depozitarda hər hansı vəzifə tuta və ya xidmət göstərə bilməz.

40.4. Səhmdar investisiya fondunun və idarəçinin icra orqanının və müşahidə şurasının üzvləri vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində, habelə kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun işlərini aparan tam ortaq (ortaqlar) müəyyən olunduqda və dəyişdirildikdə Mərkəzi Banka yazılı bildiriş göndərilir. Bildirişə müvafiq olaraq bu Qanunun 36.1.13-cü və 36.1.14-cü maddələrində nəzərdə tutulan sənəd və məlumatlar əlavə olunur. Mərkəzi Bank 30 təqvim günü müddətində bildirişə baxır və təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadıqda həmin müddət ərzində namizədləri müsahibəyə dəvət edir. Bu təyinatlara Mərkəzi Bankın müsbət rəyi alındıqdan sonra həmin namizədlər öz vəzifələrinin icrasına başlayırlar. Müsahibənin keçirilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.

Sənədlərdə səhvlər və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə sənədlərin təqdim edildiyi gündən 15 təqvim günü müddətində məlumat verilir və onlara bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmaq təklif edilir. Bu halda bildirişə baxılma müddəti həmin səhvlər və ya çatışmazlıqların aradan qaldırıldığı vaxtdan hesablanır. Mərkəzi Bank bildirişə baxılma müddəti ərzində namizədləri müsahibəyə dəvət etmədikdə onların namizədliyinə müsbət baxılmış hesab olunur.

40.4-1. Səhmdar investisiya fondunun və idarəçinin audit komitəsinin üzvləri, baş mühasibi (bu vəzifələri icra edən şəxs), daxili audit xidmətinin rəhbəri və əməkdaşları vəzifəsinə bütün təyinat və dəyişikliklər barədə müvafiq qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində səhmdar investisiya fondu və idarəçi tərəfindən Mərkəzi Banka yazılı bildiriş təqdim edilir və bildirişə həmin şəxslər barəsində müvafiq olaraq bu Qanunun 36.1.13-cü və 36.1.14-cü maddələrində nəzərdə tutulan sənəd və məlumatlar əlavə olunur. Bildirişdə həmin vəzifələrə təyin olunmuş şəxslərin müvafiq olaraq bu Qanunun 40.2-ci, 40.2-1 – 40.2-3-cü maddələrinin tələblərinə cavab verməsinə dair məlumat əks etdirilir.

40.4-2. Səhmdar investisiya fondunun və idarəçinin müşahidə şurasının, icra orqanının və audit komitəsinin üzvləri, baş mühasibi (bu vəzifələri icra edən şəxs) və ya daxili audit xidmətinin rəhbəri və əməkdaşları bu Qanunun 40-cı maddəsinin tələblərinə cavab vermədikdə, səhmdar investisiya fondu və idarəçi Mərkəzi Bankın təqdimatı ilə onların səlahiyyətinə vaxtından əvvəl xitam verməli, habelə kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun tam ortağının (ortaqlarının) işlərin aparılması səlahiyyətinə xitam verməlidir.

40.9. Bu Qanunun 40-cı maddəsində nəzərdə tutulan sənədlər Mərkəzi Banka əvvəlcədən təqdim edildikdə və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver