41.1. Səhmdar investisiya fondu və investisiya fondlarının idarə edilməsi fəaliyyətləri üzrə lisenziya aşağıdakı əsaslar olduqda Mərkəzi Bank tərəfindən ləğv edilə bilər:
41.1.1. səhmdar investisiya fondunun və ya idarəçinin ali idarəetmə orqanının (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun tam ortağının (ortaqlarının) qərarı əsasında səhmdar investisiya fondu və ya idarəçi ləğv edildikdə;
41.1.1-1. idarəçi tərəfindən idarə olunan vençur kapitalı fondunun idarəçisi tərəfindən vençur kapitalı fondunun bütün səhmləri və ya payları satın alındıqda;
41.1.2. səhmdar investisiya fondu və ya idarəçi müflis elan edildikdə;
41.1.3. lisenziya alınarkən təqdim edilmiş sənədlərdə yanlış və ya qeyri-dürüst məlumatlar aşkar olunduqda və həmin məlumatlar dəqiqləşdirildikdən sonra lisenziyanın verilməsindən imtina üçün əsas kimi, bu Qanunun 37.4-cü və 39.5-ci maddələrində göstərilən hallar müəyyən olunduqda;
41.1.3-1. mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin səhmdar investisiya fondu və ya idarəçiyə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda;
41.1.4. səhmdar investisiya fondu və ya idarəçi lisenziya qüvvəyə mindiyi tarixdən 12 ay müddətində fəaliyyətə başlamadıqda;
41.1.5. səhmdar investisiya fondu və ya idarəçi tərəfindən mövcud qanunvericiliyin tələbləri əhəmiyyətli dərəcədə pozulduqda və həmin pozuntuların aradan qaldırılmasına dair Mərkəzi Bankın icrası məcburi olan göstərişləri yerinə yetirilmədikdə;
41.1.6. səhmdar investisiya fondunun və ya idarəçinin xalis aktivlərinin miqdarı Mərkəzi Bank tərəfindən müəyyən edilmiş xalis aktivlərin minimum miqdarından az olduqda;
41.1.7. səhmdar investisiya fondu və ya idarəçi tərəfindən Mərkəzi Banka qəsdən yanlış və ya qeyri-dürüst hesabat və məlumatlar təqdim edildikdə;
41.1.8. səhmdar investisiya fondu və ya idarəçi lisenziyada nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə;
41.1.9. İnvestisiya fondunun və ya idarəçinin yenidən təşkili Mərkəzi Bankın razılığı olmadan həyata keçirildikdə;
41.1.10. səhmdar investisiya fondu və ya idarəçi Mərkəzi Bank tərəfindən bu Qanunun və qiymətli kağızlar bazarını tənzimləyən hüquqi aktların tətbiqi ilə bağlı verilən icrası məcburi olan göstərişləri icra etmədikdə.
41.2. Səhmdar investisiya fondu və ya idarəçi tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş tələblərin pozulması hallarının aradan qaldırılmasına dair Mərkəzi Bankın icrası məcburi olan göstərişləri yerinə yetirilmədikdə, həmçinin belə pozuntu halları il ərzində iki dəfədən artıq təkrar olunduqda, səhmdar investisiya fondu və ya investisiya fondlarının idarə edilməsi üzrə fəaliyyətlərə verilmiş lisenziya ləğv edilir.
41.3. Səhmdar investisiya fondunun idarəçisinin lisenziyası ləğv olunduqda onun idarəçiliyində olan fonda əmlak inzibatçısı təyin edilir. Bu halda səhmdar investisiya fondu və bu Qanunun 24.13-cü maddəsinin tələbi nəzərə alınmaqla vençur kapitalı fondu ən geci 90 gün ərzində yeni idarəçi ilə müqavilə bağlamalıdır. Göstərilən müddət ərzində yeni idarəçi ilə müqavilə bağlamaq mümkün olmadıqda, səhmdar investisiya fondu bu Qanunun 45-ci maddəsinin tələblərinə uyğun olaraq ləğvetmə proseduruna başlamalıdır.
41.4. Mərkəzi Bank səhmdar investisiya fondunun və ya idarəçinin lisenziyasının ləğvi barədə qərar qəbul etdikdə, bu barədə məlumatı lisenziyası ləğv olunmuş səhmdar investisiya fonduna və ya idarəçiyə, onların depozitarına və vergi orqanlarına dərhal göndərməli və mediada dərc etdirməlidir.
41.5. Səhmdar investisiya fondu və ya investisiya fondlarının idarə edilməsi üzrə fəaliyyətlərə verilmiş lisenziya ləğv edildikdə səhmdar investisiya fondu və ya idarəçi bu Qanunun 45-ci maddəsinin tələblərinə uyğun olaraq ləğv edilir.