Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 47

Maddə 47. Paylı investisiya fondunun yenidən təşkili və ləğvi

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

47.1. Paylı investisiya fondu yalnız qapalıdan interval və ya açıq, yaxud intervaldan açıq formaya çevrilməsi yolu ilə yenidən təşkil edilə bilər. Paylı investisiya fondu yenidən təşkil edildikdə idarəçi bu barədə qərarı fondun idarəetmə qaydalarına edilmiş əlavə və dəyişikliklərlə birlikdə qeydiyyata alınması və investisiya fondlarının və onların idarəçilərinin dövlət reyestrində dəyişikliklərin edilməsi barədə Mərkəzi Banka müraciət etməlidir. Müraciətə bu Qanunun 15.4- və 15.5-ci maddələri ilə müəyyən edilmiş qaydada baxılır.

47.2. Paylı investisiya fondunun yenidən təşkili onun investisiya fondlarının və onların idarəçilərinin dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir.

47.3. Paylı investisiya fondu aşağıdakı hallarda ləğv edilir:

47.3.1. açıq və ya interval paylı investisiya fondunun idarəçisinin qərarı əsasında;

47.3.2. fondun qaydalarında paylı investisiya fondunun fəaliyyət müddəti müəyyən edilmişdirsə, həmin müddət başa çatdıqda;

47.3.3. fondun xalis aktivlərinin həcmi paylı investisiya fondları üçün qanunvericiliklə müəyyən edilmiş minimum miqdardan az olduqda və həmin uyğunsuzluq yarandığı gündən altı ay ərzində aradan qaldırılmadıqda;

47.3.4. idarəçinin və ya depozitarın lisenziyaları ləğv olunduqda, habelə onlar fondun idarə edilməsindən, fondun aktivlərinin saxlanması və uçotunun aparılmasından imtina etdikdə - müvafiq qərarın qəbul olunduğu tarixdən 30 gün ərzində fonda yeni idarəçi və ya depozitar cəlb olunmadıqda;

47.3.5. qapalı paylı investisiya fondunun pay mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən fondun ləğvi haqqında qərar qəbul edildikdə.

47.4. Paylı investisiya fondu ləğv olunarkən idarəçinin və depozitarın nümayəndələrindən ibarət olan ləğvetmə komissiyası yaradılır. Mərkəzi Bank paylı investisiya fondunun ləğv olunmasına nəzarət məqsədi ilə öz nümayəndəsini fondun ləğvetmə komissiyasına daxil edə bilər. Mərkəzi Bank fondun qanunvericiliyə uyğun qaydada ləğv olunması üzrə icrası məcburi olan göstərişlər verə bilər.

47.5. Paylı investisiya fondunun ləğvi idarəçinin və ya depozitarın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı olduqda, onların nümayəndələri fondun ləğvetmə komissiyasına daxil edilmir. İdarəçinin və depozitarın lisenziyaları eyni zamanda ləğv olunduqda, fondun ləğvi mərkəzi depozitar və ya Mərkəzi Bankın müəyyən etdiyi depozitar tərəfindən icra olunur.

47.6. Paylı investisiya fondunun ləğvi barədə qərarın qəbul edildiyi tarixdən etibarən 5 iş günü ərzində ləğvetmə komissiyası aşağıdakıları edir:

47.6.1. qəbul olunmuş qərar barədə Mərkəzi Banka məlumat verir;

47.6.2. fondun ləğvi və müvafiq ləğvetmə proseduralarının həyata keçirilməsi şərtləri barədə pay mülkiyyətçilərini, depozitarı, kreditorları və fondun aktivləri ilə bağlı icra olunmamış əqdlər üzrə kontragentləri fondun qaydalarında göstərilmiş mediada dərc etməklə məlumatlandırır;

47.6.3. fondun payları ilə bütün əməliyyatların qərarda göstərilmiş tarixdən etibarən dayandırılması haqqında depozitara göstəriş verir.

47.7. Kreditorların paylı investisiya fondunun aktivləri hesabına ödəniləcək tələblərinin irəli sürülməsi müddəti fondun ləğv edilməsi barədə məlumatın dərc edildiyi gündən başlayaraq, ən azı 60 gün təşkil edir.

47.8. Ləğvetmə komissiyası kreditorların paylı investisiya fondunun aktivləri hesabına ödəniləcək tələblərinin irəli sürülməsi müddəti başa çatdıqdan sonra və onlarla hesablaşmaların aparılmasından əvvəl depozitarla birgə fondun balansını təsdiq edir və Mərkəzi Banka təqdim edir.

47.9. Ləğvetmə komissiyası bu Qanuna və fondun qaydalarına müvafiq olaraq fondun aktivlərinin satışını, fondun kreditorları ilə hesablaşmaların aparılmasını, ləğvetmə ilə bağlı xərclərin ödənilməsini və ləğvetmədən sonra qalan pul vəsaitlərinin pay mülkiyyətçiləri arasında bölüşdürülməsini təmin edir.

47.10. Paylı investisiya fondunun ləğvi zamanı fondu təşkil edən və onun aktivlərinin satışı nəticəsində əldə olunan pul vəsaitləri aşağıdakı növbəliliklə ödənilir:

47.10.1. ləğvetmə komissiyasına - ləğvetmə ilə bağlı xərclər;

47.10.2. fondun ləğvi üçün əsasın yarandığı günədək payların geri satın alınması ilə bağlı sifarişləri qəbul olunmuş şəxslərə ödənilməli olan pul vəsaitləri;

47.10.3. tələbləri fondun aktivləri hesabına ödənilməli olan üçüncü şəxslərə fondun ləğvi barədə qərarın qəbul edildiyi tarixədək hesablanmış pul vəsaitləri;

47.10.4. pay mülkiyyətçilərinə - yuxarıdakı hesablaşmalar aparıldıqdan sonra qalan və onların mülkiyyətindəki payların miqdarına mütənasib olan pul vəsaitləri;

47.10.5. idarəçiyə - fondun ləğvi barədə qərarın qəbul edildiyi tarixədək və həmin gündən sonrakı müddətə hesablanmış xidmət haqqı (idarəçinin lisenziyasının ləğv olunması ilə bağlı fondun ləğvi halları istisna olmaqla), habelə depozitara, auditora və qiymətləndiriciyə və ya qiymətləndirici təşkilata (olduqda) - fondun ləğvi barədə qərarın qəbul edildiyi tarixindən sonrakı müddətə hesablanmış xidmət haqları.

47.11. Paylı investisiya fondunun ləğvi ilə bağlı xərclər fondun aktivlərinin satışı nəticəsində əldə edilən pul vəsaitlərinin 5 faizindən çox olmayan məbləğdə ödənilir.

47.12. Paylı investisiya fondunun qiymətli kağızlardan ibarət əmlakı fond birjası, digər əmlakı isə açıq hərracların keçirilməsi vasitəsilə satılmalıdır. Əmlakın satışından əldə olunmuş pul vəsaitləri qanunvericiliyə uyğun olaraq paylı investisiya fondunun bütün öhdəlikləri ödənildikdən sonra pay mülkiyyətçiləri arasında onlara məxsus paylara mütənasib miqdarda bölüşdürülür.

47.13. Paylı investisiya fondunun ləğvetmə komissiyası müvafiq hesablaşmaların aparılması başa çatdıqdan sonra 5 iş günü ərzində Mərkəzi Banka fondun ləğvi barədə məlumatı, habelə fondun bütün aktivlərinin bölüşdürülməsi və pay mülkiyyətçilərinin reyestrinə xitam verilməsi barədə mərkəzi depozitarın bildirişlərini təqdim edir. Mərkəzi Bank təqdim olunmuş məlumatlar əsasında investisiya fondlarının və onların idarəçilərinin dövlət reyestrində fondun ləğvi ilə əlaqədar müvafiq qeyd aparır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver