Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 48

Maddə 48. İnvestisiya fondlarının fəaliyyətində tənzimlənmə və nəzarət

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

48.1. İnvestisiya fondlarının fəaliyyətində tənzimlənmə və nəzarət məqsədi ilə aşağıdakılar həyata keçirilir:

48.1.1. səhmdar investisiya fondu və investisiya fondlarının idarə edilməsi üzrə fəaliyyətlərə lisenziya verilir və qanunvericiliklə müəyyən edilmiş hallarda verilmiş lisenziyalar ləğv edilir;

48.1.2. bu Qanun və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada və hallarda investisiya fondlarının, idarəçinin və depozitarın fəaliyyətinin tənzimlənməsi üzrə normativ xarakterli aktlar qəbul edilir;

48.1.2-1. səhmdar investisiya fondu və idarəçidə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələblər müəyyən edilir;

48.1.3. investisiya fondlarının və onların idarəçilərinin dövlət reyestri aparılır;

48.1.4. investisiya fondlarında pay mülkiyyətçilərinin (səhmdarlarının) reyestrinin təşkili və aparılması qaydaları müəyyən edilir;

48.1.5. investisiya fondlarının və idarəçinin hesabatlarına (maliyyə hesabatları istisna olmaqla) dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması qaydaları müəyyən edilir;

48.1.6. səhmdar investisiya fondu və idarəçinin müşahidə şurası və icra orqanının üzvləri (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun işlərini aparan tam ortağı (ortaqları) ilə müsahibə keçirilir, habelə investisiya fondlarının idarə edilməsini həyata keçirən əməkdaşlarının attestasiyasına dair tələblər və attestasiya qaydaları müəyyən edilir və attestasiya keçirilir;

48.1.7. səhmdar investisiya fondunun investisiya bəyannaməsi, ona əlavə və dəyişikliklər qeydiyyata alınır;

48.1.8. paylı investisiya fondunun idarə edilməsi qaydaları, həmin qaydalara əlavə və dəyişikliklər qeydiyyata alınır;

48.1.9. bu Qanunla müəyyən edilmiş hallarda investisiya fond paylarının alqı-satqısının və geri satın alınmasının dayandırılmasına dair qərar qəbul edilir;

48.1.10. investorların hüquqlarının müdafiəsi, habelə investisiya fondlarının fəaliyyətinə nəzarət məqsədi ilə investisiya fondlarından, idarəçidən və depozitardan hesabatlar alınır, zəruri məlumat və sənədlər tələb edilir, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada, habelə investisiya fondları tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti ilə bağlı Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində nəzərdə tutulan qaydada yoxlamalar keçirilir;

48.1.11. investisiya fondu və investisiya fondlarının idarə edilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması halları ilə bağlı şikayətlərə baxılır;

48.1.12. səhmdar investisiya fondları, idarəçilər və depozitarlar tərəfindən bu Qanuna, digər normativ hüquqi və normativ xarakterli aktlarına, nizamnamə və ya paylı investisiya fondunun idarə edilməsi haqqında müqaviləyə əməl edilməsinə nəzarət edilir;

48.1.13. investorların hüquqlarının qorunmasına və ya qiymətli kağızlar bazarının təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş icrası məcburi göstərişlər verilir və onların icrasına nəzarət edilir;

48.1.13-1. investisiya fondlarının və onların idarəçilərinin mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə bu Qanuna və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq nəzarət edilir.

48.1.14. investisiya fondlarının fəaliyyətinə dair qanunvericiliyin tələblərini pozan şəxslər inzibati məsuliyyətə cəlb edilir, barələrində inzibati tənbeh tədbirləri tətbiq edilir;

48.1.15. hər hansı şəxsin bu Qanunla müəyyən edilmiş qaydada lisenziya almadan investisiya fondu fəaliyyəti və investisiya fondlarının idarə edilməsi fəaliyyəti ilə məşğul olduğu müəyyən edildikdə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tədbirlər görülür;

48.1.16. bu Qanunla müəyyən edilmiş hallarda investisiya fondunun məhkəmə qaydasında ləğvi tələbi ilə məhkəməyə müraciət olunur;

48.1.17. investisiya fondlarının fəaliyyəti sahəsinə aid qanunvericiliklə müəyyən edilmiş digər vəzifələr həyata keçirilir.

48.1-1. Bu Qanunun məqsədləri üçün müvafiq şəxslərin məhkumluğu Mərkəzi Bankın sorğusu ilə müvafiq icra hakimiyyəti orqanının verdiyi müvafiq arayış əsasında müəyyən edilir.

48.2. Tənzimlənmə və nəzarət həyata keçirilərkən Mərkəzi Bankın vəzifəli şəxsi, onun əməkdaşı, təyin edilmiş əmlak inzibatçısı investisiya fondu fəaliyyəti sahəsində tənzimləmə və nəzarət ilə bağlı səlahiyyətlərini, habelə ləğvetmə üzrə funksiyalarını yerinə yetirərkən, qanunazidd olması və qəsdən zərər vurmağa yönəlməsi qanunvericiliyə uyğun qaydada sübuta yetirilməyən hərəkəti (hərəkətsizliyi) nəticəsində yaranan zərərlərə görə məsuliyyət daşımırlar.

48.4. İnvestisiya fondları (vençur kapitalı fondları istisna olmaqla) və onların idarəçiləri maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Mərkəzi Banka təqdim etməli, özünün rəsmi internet səhifəsində dərc etdirməli və bu barədə məlumatı Mərkəzi Banka təqdim etməlidir. İllik maliyyə hesabatları çap mediasında da dərc etdirilə bilər.

48.5. İnvestisiya fondları və onların idarəçiləri illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver