Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Səhmdar investisiya fondunun səhmlərinin emissiyası

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Səhmdar investisiya fondunun səhm buraxılışının dövlət qeydiyyatına alınması üçün “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsində göstərilən sənədlərlə yanaşı, aşağıdakı sənədlər təqdim edilir:

7.1.1. səhmdar investisiya fondunun idarəçi və depozitarla bağladığı müqavilələrin surətləri;

7.1.2. səhmdar investisiya fondunun investisiya bəyannaməsi və onun sadələşdirilmiş forması.

7.1-1. Səhmdar investisiya fondunun səhm buraxılışının dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər müraciət edəndən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.

7.1-2. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 6.3.3-cü maddəsində nəzərdə tutulan sənədlər Mərkəzi Banka əvvəlcədən təqdim edildikdə və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.

7.2. Bu Qanunun 7.1-ci maddəsi ilə nəzərdə tutulmuş sənədlər tam həcmdə təqdim edilmədikdə (bu Qanunun 7.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 6.6-cı maddəsində göstərilən hallarda Mərkəzi Bank səhmdar investisiya fondunun səhm buraxılışının və investisiya bəyannaməsinin dövlət qeydiyyatına alınmasından imtina edir.

7.3. Səhmdar investisiya fondunun investisiya bəyannaməsinin sadələşdirilmiş formasına dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir.

7.4. Səhmdar investisiya fondunun səhmləri, onun fəaliyyətinə lisenziya verildikdən sonra yerləşdirilə bilər.

7.5. Səhmdar investisiya fondunun səhmləri ilə əqdlər investisiya şirkətləri vasitəsilə bağlanılır.

7.6. Səhmdar investisiya fondunun səhmlərinin yerləşdirilməsi dövründə əldə edilən pul vəsaitləri depozitarda açılmış xüsusi hesabda toplanılır və bu müddət ərzində yalnız banklarda depozit şəklində və ya qısamüddətli dövlət qiymətli kağızlarına yerləşdirilə bilər. Həmin vəsaitlərdən yalnız səhmdar investisiya fondunun səhmlərinin emissiyasının yekunları haqqında hesabat təsdiq edildikdən sonra investisiya məqsədləri üçün istifadə oluna bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver