9-12.1. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun investisiya bəyannaməsi fondun təsis yığıncağının qərarı ilə, fond yaradıldıqdan sonra isə səhmdarların ümumi yığıncağının qərarı ilə qəbul edilir.
9-12.2. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun investisiya bəyannaməsində aşağıdakılar göstərilir:
9-12.2.1. vençur kapitalı fondunun, idarəçinin (olduqda), depozitarın və auditorun tam adı və yerləşdiyi ünvan;
9-12.2.2. qiymətləndiricinin və ya qiymətləndirici təşkilatın (olduqda) tam adı, fəaliyyət və ya hüquqi ünvanları;
9-12.2.3. vençur kapitalı fondunun investisiya strategiyası, şərtləri, istiqamətləri və sahələri haqqında məlumat;
9-12.2.4. vençur kapitalı fondunun aktivlərinin diversifikasiyası şərtləri;
9-12.2.5. investisiyaların həyata keçirilməsi ilə bağlı risklər;
9-12.2.6. investisiya fəaliyyətinə dair məhdudiyyətlər;
9-12.2.7. fondun aktivləri hesabına idarəçiyə, depozitara və digər şəxslərə ödəniləcək mükafatların, xərclərin və xidmət haqlarının hesablanma qaydaları və maksimum həcmi;
9-12.2.8. dividendlərin ödənilməsi qaydası;
9-12.2.9. vençur kapitalı fondundan və səhmdarlardan qanunla nəzərdə tutulmuş vergilər və onların ödənilməsi qaydası barədə məlumat;
9-12.2.10. vençur kapitalı fondunun fəaliyyətinə dair məlumatların açıqlanması qaydaları;
9-12.2.11. vençur kapitalı fondunun müddəti və investisiyalardan çıxış strategiyası;
9-12.2.12. investisiya bəyannaməsinə əlavə və dəyişikliklərin edilmə proseduru və investorların məlumatlandırılması qaydası;
9-12.2.13. investisiya portfelinə dair tərtib olunan hesabatın əsas valyutası;
9-12.2.14. bu Qanunun 9-1.10-cu maddəsində göstərilən məlumatlar.
9-12.3. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan lisenziyalaşdırılan vençur kapitalı fondunun investisiya bəyannaməsi onun səhm buraxılışı ilə birgə dövlət qeydiyyatına alınır. Səhm buraxılışının dövlət qeydiyyatı “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azad hesabatlı vençur kapitalı fondunun investisiya bəyannaməsi isə fondun reyestrdə qeydə alınması zamanı Mərkəzi Banka təqdim edilir.
9-12.4. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun investisiya bəyannaməsi hər bir potensial investora təqdim edilməlidir.