Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9-11

Maddə 9-11. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunda idarəetmə

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9-11.1. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun səhmdarlarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107.1-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərdən əlavə aşağıdakılar aiddir:

9-11.1.1. idarəçinin və ya depozitarın dəyişdirilməsi barədə qərarın qəbul edilməsi;

9-11.1.2. fondun xərclərinin artırılması barədə qərarın qəbul edilməsi.

9-11.2. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun səhmdarlarının ümumi yığıncağında iştirak etmək hüququna malik olan şəxslərin siyahısı vençur kapitalı fondunun səhmdarlarının reyestri əsasında müəyyənləşdirilir. Həmin siyahı səhmdarların ümumi yığıncağının keçirilməsi tarixinədək 60 gündən gec və 45 gündən tez olmayan müddətdə tərtib edilməlidir.

9-11.3. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun səhmdarların ümumi yığıncağının çağırılmasına azı 45 gün qalmış bu barədə məlumat verilməli, habelə tərtib edilmiş siyahı əsasında səhmdarlara, idarəçiyə, depozitara, həmçinin lisenziyalaşdırılan vençur kapitalı fondu tərəfindən Mərkəzi Banka yazılı bildiriş göndərilməlidir.

9-11.4. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondu ilə müvafiq müqavilələr bağlamış idarəçinin, depozitarın, auditorun və qiymətləndiricinin əməkdaşları, habelə onlara aidiyyəti olan şəxslər vençur kapitalı fondunun icra orqanının üzvü ola bilməzlər.

9-11.5. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun idarəetmə orqanlarının səlahiyyətləri, onların qərarları qəbul etmə prosedurları, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul edildiyi məsələlər səhmdar cəmiyyətlərə dair müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

9-11.6. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun icra orqanının üzvlərinin şəxsi marağı ilə vençur kapitalı fondunun maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda məlumat verilməsi, habelə vençur kapitalı fondunun maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-10.5-ci maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver